SON XƏBƏRLƏR

Brayan Huk: “Sanksiyalar İranın neft gəlirlərinin 10 milyard dollar azalmasına səbəb olub”

2021.10.20, 07:36
Brayan Huk: “Sanksiyalar İranın neft gəlirlərinin 10 milyard dollar azalmasına səbəb olub”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, martın 13-də Texas ştatının Hyuston şəhərində enerji üzrə keçirilən Seravik (ceraweek) konfransında çıxış edərək İranın neft gəlirlərinin kəskin azalmasından danışıb.

 

Huk bildirib ki, hazırda dünyanın neft bazarında yaranan profisit (neftin tələbatdan çox satışa çıxarılması), Amerikaya bu imkanı verir ki, İranın neft ixracatını sıfıra endirməklə bağlı proqramını daha sürətlə irəli aparsın: “2017-ci ildən bu yana sanksiyalar İranın neft gəlirlərinin 10 milyard dollar azalmasına səbəb olub. Belə ki, İranın hazırkı gündəlik neft ixracatının həcmi 2017-ci illə müqayisədə 1.5 milyon barel azalıb.

 

Tramp hökuməti açıq şəkildə bildirib ki, Amerikanın İran İslam Respublikasına qarşı iqtisadi təzyiqi gücləndirmək üçün beynəlxalq bir kampaniyanın aparılmasına ehtiyacı var. Lakin buna baxmayaraq, Vaşinqton dünya neft bazarında hər hansı bir çaxnaşma yaranmasının tərəfdarı deyil. Biz dünya neft bazarında sabitliyin davam etdirilməsini istəyirik.

 

ABŞ-ın Enerji İnformasiya İdarəsinin hesablamalarına əsasən, bu il dünya neft bazarlarına çıxarılan neftin profisiti, gündəlik 400 min barel təşkil edəcək. Sadə dildə desək, gündəlik istehsal edilərək dünya bazarlarına çıxarılacaq neftin həcmi, neftə olan beynəlxalq tələbatdan 400 min barel çox olacaq.  Bu isə bizim İrana qarşı iqtisadi təzyiqləri daha da sürətləndirməyimizə əlverişli imkan yaradır” –deyə Brayan Huk əlavə edib. 

 

Qeyd edək ki, Tramp hökuməti İran rejimini beynəlxalq terrorizmə dəstək verməkdə, regionun və dünyanın sabitliyinə qarşı dağıdıcı fəaliyyət aparmaqda və ballistik raketlər proqramını inkişaf etdirməkdə günahlandırır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar