SON XƏBƏRLƏR

Təbriz İES-da yenidən mazutdan istifadə olunmağa başlanılıb

2021.12.21, 09:47
Təbriz İES-da yenidən mazutdan istifadə olunmağa başlanılıb

Gunaz.tv

Bundan öncə uzun müddət mübahisə və müzakirələrə səbəb olan problemin həlli və İES-a qaz verilişinin başlanması ilə bağlı açıqlamalar özünü doğrultmayıb. 

Şərqi Azərbaycan əyalətinin valisi Abdin Xurrəm və başqa yerli məsulların bir neçə gün öncə bölgədə ciddi ekoloji problemlərin yaranmasına, Təbrizin hava çirkliliyi səviyyəsinə təhlükəli həddə yüksəlməsinə səbəb olan stansiyada mazutdan istifadəyə son verilməsi ilə bağlı açıqlamalarının dekabrın 20-də yayılan video və fotolardan həqiqətə uyğun olmadığı bəlli olub. 

Vali ilə yanaşı problemlə ilə bağlı İran parlamentində qaldıran və neft nazirinin impiçmentini tələb edən Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəffəkkir Azad da dekabrın 13-də stansiyaya qaz verilişinin bərpası ilə bağlı məlumat açıqlamışdı. 

Qeyd edək ki, Təbrizin istilik elektrik stansiyasında mazutdan istifadə əhali və bir sıra millət vəkilləri, ətraf mühit fəallarının etirazlarına səbəb olub. 

Təbrizin parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsi və mazutdan istifadə edilməsinə görə hökuməti kəskin tənqid edib.

"Təbrizin petrokimiya zavodu və istilik elektrik stansiyası şəhərin havasının çirkləndirilməsində birinci rolu oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib. 

O, Təbriz istilik elektrik stansiyasında mazutdan istifadənin ifrat səviyyədə olduğuna diqqət çəkərək dövlətin stansiya üçün qaz tədarük edə bilməməsi ilə bağlı açıqlamasının qəbul edilməz olduğunu, Təbriz nümayəndələrinin Enerji və Neft Nazirliklərinə ünvanladıqları sorğuların cavabsız qaldığını qeyd edib. 

Millət vəkili stansiyada mazutdan istifadə ilə yanaşı hava çirkliliyinin səviyyəsini azaltmaq üçün milyardlar xərclənməsinə baxmayaraq, filtrasiya sistemlərinin quraşdırılmamasının anlaşılan olmadığını deyib, Ətraf Mühitin Mühafizəsi İdarəsinin görülən önləyici tədbirlərlə bağlı verdiyi açıqlamaları əssasız adlandırıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar