SON XƏBƏRLƏR

Təbrizdə avtobus qıtlığı yaranıb

2022.06.21, 09:40
Təbrizdə avtobus qıtlığı yaranıb

Gunaz.tv

Bu barədə Şəhər Şurasının başçısı Rəsul Bərgi mediaya verdiyi açıqlamada bildirib.

“Bundan öncə koronavirus pandemiyası zamanı Təbrizin avtobus parkından 180 avtobus yığışdırılmışdı. Ancaq şəhərin bu avtobuslara xidmət göstərməsi zərurətindən ötrü biz onların yenidən geri qaytarılmasını istədik. İndi zəng edib deyirlər ki, avtobuslara başqa əyalətlərə verilib”-deyə, Rəsul Bərgi bildirib.

Qeyd edək ki, Təbrizin nəqliyyat parkı köhnəlib və ictimai nəqliyyatda istifadə olunan avtobusların çoxu yararsız durumdadır.

Bir müddət bundan öncə Şərqi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Məcid Kəlami hal-hazırda Təbrizdə yalnız 600 avtobusun fəaliyyət göstərdiyini, şəhərin isə ortalama 1800 avtobusa ehtiyacı olduğunu deyib.

O, son 8 ildə Şərqi Azərbaycanın avtobus parkının yenilənmədiyini və yeni avtobusların verilmədiyini deyib, daxili istehsalatın cavabdeh olmadığını, xaricdən avtobus idxalına isə icazə verilmədiyini qeyd edib.

Təbriz Şəhər Şurasının sözçüsü Yasin Becani isə məsələ ilə bağlı verdiyi açıqlamada şəhərin ictimai nəqliyyatının biabırıçı gündə olduğunu söyləyib.

Şəhər Şurasının üzvü Əlirza Nəvayi Bağban isə son bir neçə ildə Təbrizin avtobus parkında 400 ictimai nəqliyyat vasitəsinin sıradan çıxdığı halda bu müddət ərzində yalnız 12 yeni avtobusun xəttə buraxıldığını bildirib.

O, xüsusilə son 4 ildə Təbrizə investisiya qoyulmadığını, illik 200 avtobusun Təbrizin ictimai nəqliyyatına əlavə etmək planlarının dövlət tərəfindən vəsait ayrılmadığı üçün baş tutmadığını bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar