SON XƏBƏRLƏR

Təbrizdə dilənçilərin sayı kəskin artıb: 300 min insan mütləq yoxsulluq həddində yaşayır

2021.11.20, 10:52
Təbrizdə dilənçilərin sayı kəskin artıb: 300 min insan mütləq yoxsulluq həddində yaşayır

Gunaz.tv

Bundan öncə yüz illər boyu yerli xeyriyyəçilərin səyi nəticəsində başqa bölgələrdən, özəlliklə İranın mərkəzi əyalət və şəhərlərindən fərqli olaraq Təbrizdə heç bir dilənçi olmayıb.

Ancaq xüsusilə son zamanlar yoxsulluq və inflyasiyanın şiddətlənməsi Təbrizin də imicini zədələyib.

Rəsmi qurumların verdiyi məlumata əsasən qısa müddətdə tarixi paytaxtımızda dilənçirlərin sayında kəskin çoxalma qeydə alınıb.

Hazırda Təbrizdə Yoxsullara Dəstək Xeyriyyə Təşkilatında yerləşən Dilənçiliyin Qarşısının Alınması və Tənzimlənməsi Evinin katibi Hüseyn Əlamir mediaya verdiyi açıqlamada son 6 ayda Təbrizdə dilənçi sayının 17% artdığını deyib.

O, cari günəş ilinin 6 ayı ərzində Təbrizdə 1186 dilənçinin yığışdırılmasına toxunaraq, onlardan 550-nin qadın, 636-nın isə kişi olduğunu və öncəki dövrə nisbətdə qadın dilənçilərinin sayının çoxaldığını qeyd edib.

Təbriz fərmandarının siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Səid Bərzgər isə hal-hazırda dilənçiliyin şəhər üçün ciddi problemə çevrildiyini və bunun qarşısının alınması üçün müxtəlif dövlət qurumlarının birgə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu söyləyib.

O, Təbrizdə dilənçiliklə məşğul olanları iki dəstəyə ayırıb.

“Onların bir dəstəsi rəsmi yaşayış icazələri olmayan xarici vətəndaşlardırlar. İkinci qismi isə İranın başqa əyalətlərindən dilənçilik üçün Təbrizə gələn şəxslərdirlər”-deyə, Bərzgər bildirib.

Fərmandar müavini bununla yanaşı yerli dilənçilərin də olduğunu, onların statistikasının aparıldığını və yerli xeyriyyəçilərin yardımı üçün onların statistikasının aparıldığını deyib.

Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi isə yerli məsulların dilənçilərin qıraqdan gəlmə olduqları ilə bağlı dediklərini absurd adlandırıb.

“Rəsmi statistikalara görə, ölkədə 30 milyon insan yoxsulluq həddinin altında yaşayır. Təbrizdə isə 300 min nəfərə bərabər olan 93 min ailə mütləq yoxsulluq həddində yaşayır. Yoxsulluq təbrizli və qeyri-təbrizli tanımır”-deyə, əhalinin məişət problemlərinin həddindən çox olduğunu bildirib.

İxtisasca sosioloq olan Rəşidi deyib ki, bu insanların çoxu məişət problemlərinin onları həddindən çox sıxdığına görə dilənçiliyə məcbur olublar və bu əslində ölkədə mövcud olan iqtisadi, ictimai dəyişikliklərin məntiqi nəticəsidir.

O, yerli xeyriyyəçilərin bütün problemləri həll etmək iqtidarında olmadıqlarını deyib və artırıb ki, bu məsələlərin qarşısının alınması üçün dövlətin dəqiq proqramı olmalı, sərvətlərin ədalətli şəkildə paylanılmasına çalışılmalıdır.

C.E     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar