SON XƏBƏRLƏR

Təbrizdə ictimai nəqliyyatda gediş haqqı bahalaşıb

2022.03.28, 10:57
Təbrizdə ictimai nəqliyyatda gediş haqqı bahalaşıb

Gunaz.tv

Təbriz Şəhər Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqlarında edilən dəyişiklik yerli sosial media istifadəçiləri və fəallar tərəfindən qınanılıb.

Onlar indiki ağır iqtisadi durumda Şəhər Şurası və Təbriz Bələdiyyəsinin Tehrandan ala bilmədikləri büdcəni yerli əhalinin hesabına doldurmağa çalışmaqda ittiham ediblər.

Qeyd edək ki, bundan öncə dəfələrlə Təbrizin ictimai nəqliyyatının köhnəldiyi, yenilənməsi və yeni avtobusların alınması ilə bağlı büdcə olmadığı barədə dəfələrlə açıqlama verilib.

Bir neçə ildir ard-arda Təbrizə ayrılmalı olan yeni avtobuslar İsfahan və Şiraz şəhərlərinə göndərilib.

Təbriz və şəhərətrafı avtobus şirkətinin idarəedici direktoru Əyyub İsmaili Təbriz avtobus parkının istifadəyə yararsız vəziyyətdə olduğunu deyib.

“Hazırda avtobus parkının dağınıq durumda olmasının əsas amillərindən biri son 8 ildə avtobusların yenilənməməsi və təmir edilməməsidır.

Bu əhalinin əziyyət çəkməsinə səbəb olub və buna görə xalqdan üzr istəməliyik”-deyə, İsmaili Təbrizin yerli mediasına verdiyi açıqlamada bildirib.

Son 8 ildə Təbriz kimi çox milyonluq şəhərin avtobus parkı üçün az sayda avtobusun əlavə olunduğunu bildirən Əyyub İsmaili bu müddət ərzində yeni avtobusların alınması, təmiri və texniki baxışı üçün heç bir büdcənin ayrılmadığını qeyd edib.

Martın 15-də Təbrizdə səfərdə olan İran daxili işlər naziri Əhməd Vəhidi azərbaycanlı məsulları Tehrandan büdcə ummamağa çağırıb.

“Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər. Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, daxili işlər naziri bildirib.

Təbrizlilər ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasını yerli məsulların Əhməd Vəhidinin tapışırığına əməl etdiklərinin nümunəsi və əyalətə lazim olan büdcəni əhalinin hesabına doldurmaq cəhdləri kimi dəyərləndirirlər. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar