SON XƏBƏRLƏR

SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

2022.09.23, 19:58
SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

Gunaz.tv

SEPAH-ın sentyabrın 23-ü gecə saatlarında yaydığı məlumatda etiraz aksiyalarının keçirildiyi bir neçə yerdə əldə qayyırma bombaların aşkar edilərək götürüldüyü qeyd olunub.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məlumatında bunun İran Xalq Mücahidləri Təşkilatı və şahçıların əməli olduğu, aksiyalardan maksimum istifadə etmək üçün vətəndaşları hədəf aldıqları iddia edilib.

Saxlanıldıqları bildirilən şəxslərin sayı və kimliyi barədə açıqlama verməyən SEPAH, onlara qarşı cəza tədbirləri görüləcəyini bildirib.

Qeyd edək ki, kütləvi etiraz aksiyalarının genişlənməsindən qorxuya düşən Tehran rejimi sentyabrın 23-ü, aksiyaların 7-ci günündə bir neçə belə oxşar iddia ilə çıxış edib.

Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi mediaya verdiyi açıqlamada əyalətin Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib.

Bununla yanaşı Kürdüstan əyalətinin polis idarəsi sentyabrın 23-ü səhər saatlarında yaydığı məlumatda əyalətin Divandərə şəhərində Amerika istehsalı olan 65 avtomat döyüş silahının aşkarlanaraq götürüldüyünü bildirib.  

İran rəsmilərinin son günlər ölkədə başlayan kütləvi etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə vermək onlardan silah-sursat tapılması barədə məlumatlar yaymaqla özünün əməllərinə bəraət qazandırmaqla yanaşı daha şiddətli repressiyalara hazırlandığı ehtimal edilir.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar