SON XƏBƏRLƏR

"Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir"-Təbrizin cümə imamından hökumətə çağırış

2021.12.24, 08:25
"Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir"-Təbrizin cümə imamından hökumətə çağırış

Gunaz.tv

İranın ali lideri Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi kiberməkanda, daxili və xarici proqram təminatı konteksində fəal olmağın ideolojik dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli olduğunu söyləyib. 

“Kiberməkan sahəsi düşmənlə qarşıdurma meydanıdır.

Meydanı boş qoymaq, uyğun məzmun istehsal etməmək və strategiyanı müəyyənləşdirməmək düşmənlərin hücumlarının qarşısındakı mövqeyi zəiflədib və fəaliyyətləri səmərəsiz edər”-deyə, Ali-Haşim daxili sosial medianın yaradılmasının vacibliyini bildirib. 

Daxili media infrastrukturunu gücləndirmək və onu xarici nümunələrlə rəqabətə davamlı etməyin həyati əhəmiyyət daşıdığını vurğulayan cümə imamı, bunun ideoloji təbliğat və təşviqat sahəsində ən təsirli vasitə olduğunu deyib. 

Cümə imamının bu çıxışı İran hökumətinin sosial mediaya və müstəqil media fəallarına qarşı İran hökumətinin tətbiq etdiyi məhdudiyyət və təzyiqlərin qanuniləşdirilməsi istiqamətində atılan növbəti addımlardan biridir. 

Dekabrın 15-də Şərqi Azərbaycan əyalətinin məhkəmə sisteminin başçısı Musa Xəlilullahi sosial media fəallarını hədələyərək “diqqətsizliyə yol verənlərə qarşı sərt cəza tədbirlərinin tətbiq olunacağını” bildirib.

“Kiberməkanda çalışan fəallar xəbər dərc edəndə diqqətli olmalıdırlar. Xəbərləri sadəcə kimdənsə sitat gətirməklə kifayətlənməməlidirlər.

Bunun əksinə əməl etdikdə onlara qarşı cəza tədbirləri görməkdən başqa yolumuz qalmayacaq”-deyə, Xəlilullahi sosial mediya fəallarına hədə dolu xəbərdarlıq edib. 

Qeyd edək ki, bundan öncə İran parlamentində ölkədə kiber məkana nəzarət barədə layihə irəli sürülüb və bu parlamentin qapalı iclasında müzakirəyə çıxarılıb.

Bir sıra millət vəkilləri, o cümlədən azərbaycanlı millət vəkilləri Ruhullah Həzrətpur, Məsud Pezeşkiyan, Əhməd Əlirzabeygi və başqaları bunun əleyhinə fikirlər səsləndirib, layihəni əhalinin dahada sıxışdırılmasına, narazılıqların artmasına səbəb olacağını bildiriblər.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar