SON XƏBƏRLƏR

"Əhali məmurların ölüm xəbərini sevinclə paylaşır, bu təhlükəli siqnaldır"-Təbrizin keçmiş fərmandarı

2021.11.23, 09:34
"Əhali məmurların ölüm xəbərini sevinclə paylaşır, bu təhlükəli siqnaldır"-Təbrizin keçmiş fərmandarı

Gunaz.tv

Sosial mediada etdiyi paylaşımda Rəhim Şöhrətifər deyib ki, əhalinin hökumət nümayəndələrinə qarşı münasibəti, dünyasını dəyişən vəzifəlilərin ölüm xəbərlərinə reaksiyası məmurlar üçün bir xəbərdarlıq olmalıdır.

Noyabrın 17-də ölüm xəbəri yayılan Təbrizin keçmiş cümə imamı Möhsün Müctəhid Şəbistəri ilə bağlı paylaşım və yorumlara diqqət çəkən sabiq fərmandar deyib ki, bu, təhlükəlidir və şiddətli narazılığın siqnalıdır. 
 

“Təbrizin keçmiş cümə imamının vəfatı xəbərinə əhalinin sosial mediada göstərdiyi reaksiya və yazdıqları yorumlar başa düşənlər üçün gerçəkdən də ibrətamizdir.

Paylaşımar və yorumlarda ölüm xəbərindən əhalinin təəssüfləndiyi hiss olunmur və əksinə bu xəbərdən məmnunluq duyulduğu görünür. Bu reaksiya əhalinin şiddətli narazılığından xəbər verir.

Məncə bu çox təhlükəli və düşündürücüdür. Bundan ibrət götürməli və əhalinin baxışının dəyişməsi üçün tədbirlər görülməlidir”-deyə, sabiq fərmandar bildirib.

Keçmiş fərmandar paylaşımının sonunda Şəhriyarın məşhur şeirindən bir parça yazıb: 

“Çalış adın gələndə
Rəhmət oxunsun sənə
Dünyada səndən qalan
Axırda bir ad olar” 

Qeyd edək ki, İranın ali rəhbəri Əli Xamneyinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin keçmiş cümə imamı, Sistemin Məsləhətini Müəyyənləşdirən Şura və Uzmanlar Məclisinin üzvü Möhsün Müctəhid Şəbistəri noyabrın 17-də vəfat edib.

Onun ölüm xəbəri sosial media istifadəçiləri tərəfindən sevinclə qarşılanıb.

Əhali Təbrizin indiki cümə imamı Məhəmmədəli Ali Haşimin onun ölümü ilə əlaqədar noyabrın 18-ini Şərqi Azərbaycanda ümumi matəm günü elan etməsini qəzəblə qarşılayıb.

1999-cu ildə Şəbistərinin göstərişi ilə Təbrizdə cümə namazı zamanı Amerika bayrağına bürünmüş sazı yandırıldığı üçün əhali onu saz yandıran molla kimi tanıyırdı.

O, Azərbaycan və türk kimliyinə qarşı kəskin mövqeyi ilə seçilirdi. O, dəfələrlə milli-mədəni fəalların saxlanılması, təqib olunması və həbsi üçün təhlükəsizlik qüvvələrinə məsləhətlər vermişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar