SON XƏBƏRLƏR

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək

2021.10.20, 07:36
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək

Gunaz.tv
SANKT-PETERBURQDA BAŞ TUTACAQ GÖRÜŞ TANIŞLIQ XARAKTERİ DAŞIYACAQ Dünən Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasye növbəti görüş keçiriblər. Bernar Fasyenin APA-ya verdiyi məlumata görə, daha sonra həmsədrlər Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüblər. Məsləhətləşmə xarakteri daşıyan görüş Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar ərəfəsinə təsadüf edib. Həmsədrlər həmçinin bir sıra işçi görüşlər də keçiriblər. Bu gün isə Sankt-Peterburqda, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında danışıqlar keçiriləcək. Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya bu görüşə ehtiyac duyulduğunu söyləyib. O, danışıqların hansı formatda keçiriləcəyi, görüşə ev sahibliyi edən Dmitri Medvedyevin görüşə qatılıb-qatılmayacağına dair dəqiq məlumatı olmadığını deyib: "Azərbaycan prezidenti üçün Ermənistan prezidentinin doğrudan da münaqişənin həlli ilə bağlı müəyyən konstruktiv mövqeyinin, fikirlərinin və ümumiyyətlə, bu məsələni həll etmək səlahiyyətinin olub-olmadığını bilmək çox vacibdir. Çünki son aylar baş verən proseslər, seçkilərdən sonra insanların qətliamı, müxtəlif səviyyədə həbslər, ölkədəki vəziyyət, KİV-in bağlanması göstərir ki, Ermənistan cəmiyyətində bir parçalanma var və əhalinin müəyyən hissəsi Serj Sərkisyana etimad göstərmir. Yaranmış böhrandan sonra Ermənistan prezidentinin münaqişəni həll etmək imkanları da çətinləşir. Bu nöqteyi-nəzərdən bu görüş bizim üçün bir növ tanışlıq xarakteri daşıyacaq, vəziyyətin öyrənilməsi üçün bir imkan olacaq". N.Məmmədov onu da deyib ki, Azərbaycan Ermənistan istisna olmaqla, bütün MDB üzvləri ilə həm təşkilat daxilində, həm də ikitərəfli qaydada əlaqələri genişləndirmək üçün addımlar atır. Əlaqələri genişləndirmək üçün müəyyən təşəbbüs, konsepsiya və planların olduğunu bildirən şöbə müdiri bu gün Sankt-Peterburqda təşkil olunacaq Beynəlxalq İqtisadi Forum və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində ikitərəfli münasibətləri tənzimləyən görüşlərin keçiriləcəyini bildirib. MDB çərçivəsində baş nazir müavinləri səviyyəsində koordinatorlar institutunun yaradılması təşəbbüsünə münasibət bildirən N.Məmmədov yalnız institut yarandıqdan sonra onun məqsəd və vəzifələri haqqında konkret fikir söyləməyin mümkünlüyünü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar