SON XƏBƏRLƏR

Bu gün Su çərşənbəsidir

2021.10.20, 07:36
Bu gün Su çərşənbəsidir

Gunaz.tv

GünAz TV: Bu gün ilk çərşənbənin yurdumuza qədəm qoyacağı gündür.

Deyirlər ki, Tanrı suyu ilk olaraq yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Su həyatın mənbəyi kimi göstərilir. Əski inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su”- yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

 Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, su çərşənbəsi zamanı tezdən qız-gəlinlər bulaq başına axar su olan yerə gedər, suyun üzərindən tullanar. Bu zaman azar-bezarlarının suya getməsini istərdilər. Onun sözlərinə görə, su çərşənbəsi günü gənc qızlar ətəklərinə xırda daşlar yığaraq və suyun üstündən tullanan zaman daşları suya atmaqla, xəstəliklərinin suda məlhəm tapmasını, arzularının reallaşmasını dilərdilər. Qədim inanclarda su sağlamlığın rəhni hesab edilirdi. Adətə görə, su çərşənbəsində çay, arx, su dəyirmanı üstə gələnlər həmçinin əyilib arxdan su götürər, bir birinin üzünə su atıb isladarlar ki, su onların azar bezarını və günahını yuyub aparsın. Suyun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən mahnılar oxuyardılar. Bu nəğmələr içərisində su tanrısı Abanın “Aban nəğmələri” və su qıtlığı ilə bağlı oxunan çağırışlar xüsusilə maraq doğurardı.

 Qədim türklərin inancına görə, tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, külək tərəfindən su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbə, ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb.

 Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyarlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar