SON XƏBƏRLƏR

BUŞ PKK-nın FİTVASINI VERDİ

2021.10.20, 07:36
BUŞ PKK-nın FİTVASINI VERDİ

Gunaz.tv
Terror şəbəkəsinin Azərbaycandakı siyasi və iqtisadi dayaqlarının sıradan çıxarılacağı istisna deyil Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Corc Buşun PKK terror təşkilatına qarşı sanksiyaların tətbiq edilməsi barədə qərarından sonra Qərbin bu məsələyə diqqəti xeyli artıb. Müşahidələr onu deməyə əsas verir ki, Vaşinqton bu terror şəbəkəsinin üzərinə cidd-cəhdlə gedir, onun siyasi və iqtisadi dayaqlarının sarsıdılması üçün mümkün variantlar üzərində düşünür. Corc Buşun qərarı ilə PKK-ya tətbiq edilən sanksiyalara görə Amerika vətəndaşları və şirkətlərinə bu qruplaşma ilə ilişkiləri olan strukturlarla iqtisadi-maliyyə əlaqələrinə girmək qadağan olunub. Həmçinin PKK-ya bağlı olan şəxslərin və terrorçu təşkilatın Amerika banklarındakı hesabları dondurulmağa başlayıb. Bunun ardınca isə Pentaqona tabe olan Amerika Ordu Kollecinin professoru Stiven Blank maraqlı məqalə ilə çıxış edib. O, “Eurasianet” portalında dərc olunan yazısında qeyd edib ki, kürd problemi Cənubi Qafqazda da gərginlik və qarşıdurma mənbəyinə çevrilə bilər. Türkiyə və Azərbaycan mətbuatının, habelə bir sıra xarici kəşfiyyat orqanlarının PKK yaraqlılarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə xəbərlərini xatırladan professora görə, Qarabağda kürd silahlı birləşmələrinin yerləşdirilməsi regionun təhlükəsizliyi üçün həddən artıq təhlükəli presedentdir. Blankın yazdıqlarından belə aydın olur ki, Qərb PKK-nı region üçün təhlükə hesab edir. Amma burada bir incə məqama da diqqət yetirmək lazımdır ki, ABŞ bu təhlükəni qeyd edərkən Azərbaycan və Türkiyənin maraqlarından çıxış etmir. Sadəcə, onlar ehtiyatlanırlar ki, Azərbaycan və Türkiyə Qarabağda antiterror əməliyyatlarına başlaya bilər və bu, region üçün hansısa təhlükələr yarada bilər. Amma eyni zamanda PKK-nın də əsas təhlükə mənbəyi kimi hədəfdə olması göz önündədir. Nəzərə çatdıraq ki, regionda PKK problemi neçə illərdir ki, var və onlar müxtəlif dairələrin dəstəyini qazanaraq aktivləşirlər. Hətta ABŞ-dakı bəzi dairələr “Kürdüstan” xülyasına da bir çox məqamlarda dəstək verib. Amerikanın İraqda, İranda kürdlərlə işbirliyində olması barədə dəfələrlə ekspert rəylərinə rast gəlinib. Lakin bununla yanaşı, PKK terrorla mübarizə kampaniyası çərçivəsindən kənarda qala bilmir. Çünki bu təşkilatı ABŞ rəsmən terrorçu qurum kimi tanıyıb. Bir neçə gün öncə isə Corc Buş PKK-ya sanksiyalar tətbiq edilməsi barədə qərar verib. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin bu qərarı PKK-nın xeyli zəifləməsinə səbəb olacaq. Belə ki, ABŞ-la müttəfiq olan və onunla əməkdaşlıq edən ölkələr də bu kampaniyaya qoşulmaq məcburiyyətində qalacaqlar. Bəllidir ki, bu kimi məsələlərdə Azərbaycan hakimiyyəti ABŞ-ın təlimat və tövsiyələrinə əməl edib. Hakim rejimin Qərblə əməkdaşlığının əsasını enerji layihələri və antiterror kampaniyasında iştirak təşkil edir. Bunu önə çəkən iqtidar digər məsələlərdə - demokratiya və insan haqları problemlərinin həllində güzəştlər əldə etməyə nail olur. Bu baxımdan gözləniləndir ki, ölkə rəhbərliyi Corc Buşun məlum qərarından sonra hakimiyyətlə bu və ya digər şəkildə əlaqəsi olan PKK simpatizanları ilə münasibətlərə yenidən baxsın. Hakimiyyətin ən yuxarı qatlarında belə PKK-ya simpatiyası olan, ona dəstək verən adamların olması, həmçinin ölkənin iqtisadi sahələrində kürdlərin ciddi şəkildə oturuşması barədə zaman-zaman deyilib. Güman ki, Amerikanın başlatdığı kampaniya çərçivəsində PKK-nın Azərbaycandakı siyasi və iqtisadi dayaqlarını da sıradan çıxarmağa çalışacaqlar. Maraqlı məqamlardan biri də ABŞ-ın niyə məhz indi PKK-ya qarşı hücumlara başlamasıdır. Bunun arxasında hansı məqamlar dayanır? Mövzu ətrafında söhbət etdiyimiz Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin fikrincə, Amerikanın PKK məsələsinə xüsusi diqqət ayırması Türkiyə-ABŞ münasibətlərindən irəli gələn məsələdir: “Bunu regionda gedən proseslərlə əlaqələndirmək düzgün olmazdı. Sadəcə, Türkiyə-ABŞ münasibətlərinin yeni mərhələsi başlayır. AKP-yə Türkiyədə yaranan inamsızlıq, onun mövqelərinin zəifləməsi və son vaxtlar məhkəmə çəkişməsinə düşməsi səbəbindən Amerika ilə dil tapılıb və hakim partiyanın dayaqları möhkəmləndiriləcək. Türkiyənin antiterror əməliyyatlarına geniş dəstək verilməsinin arxasında bu dayana bilər. Məncə, Türkiyə bununla bağlı Amerikadan israrlı xahişlər edib. Bu cür addımlar AKP-nin Türkiyədəki mövqeyini möhkəmləndirmək üçündür. Amma hər halda, bu kampaniya çərçivəsində PKK-ya qarşı müəyyən addımların şahidi olacağıq”. Elşad MƏMMƏDLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar