SON XƏBƏRLƏR

Bütöv Azərbaycan ideyasının carçısı Əbülfəz Elçibəyin vəfatından 19 il ötür

2021.10.20, 07:36
Bütöv Azərbaycan ideyasının carçısı Əbülfəz Elçibəyin vəfatından 19 il ötür

Gunaz.tv

GünAz TV: Bu gün Bütöv Azərbaycan ideyasının carçısı, Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 19 il ötür.


24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olan Əbülfəz Elçibəy 8 iyun 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilib. 1993-cü il 4 iyun qiyamı ilə hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb.


1997-ci ilin 30 oktyabrında Bakıya dönən Elçibəy yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib. 1997-ci ildə Demokratik Konqresə sədr seçilən AXCP sədri həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradıb və ona başçılığı öz üzərinə götürüb. Elçibəy 22 avqust 2000-ci ildə 62 yaşında Ankarada xərçəng xəstəliyindən vəfat edib. Mərhum prezident I Fəxri Xiyabanda dəfn edilib.


Hər il olduğu kimi, siyasi partiyalar, Elçibəyin davamçıları gün ərzində müxtəlif saatlarda onun məzarını ziyarət edəcəklər.


Əbülfəz Elçibəy1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.


Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).


1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.


Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).


Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).


Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın çarçısı olub.


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar