SON XƏBƏRLƏR

Bütün yollar geriyə aparır. Bir zamanlar başlanğıc götürən bu yolların sonundakı Bütöv Azərbaycana...

2021.10.20, 07:36
Bütün yollar geriyə aparır. Bir zamanlar başlanğıc götürən bu yolların sonundakı Bütöv Azərbaycana...

Gunaz.tv
Bütün yollar geriyə aparır Bir zamanlar başlanğıc götürən bu yolların sonundakı Bütöv Azərbaycana "Xalq sevdiyi qəhrəmanları gözünün qarşısında görmək istəyir, ya dar ağacında, ya da tribunada, fərqi yoxdur". Bizlər də onu tribunada görüb sevdik, dar ağacının altına gətiriləndə də gözümüzü belə qırpmadan bizə azadlığı sevdirən kəsin tamaşasına durduq. Bilirdik ki, titrəməyən kipriklərimizin arxasından baxan gözlərimizə rəğmən o bizi olduğumuz kimi sevir, bizlərə sahib olduğu ən dəyərli varlıqlar kimi baxır, yaxşımıza, pisimizə fərq qoymadan bizi olduğumuz kimi qəbul edir. Bəlkə buna görə ondan danışanda "yaxşı insan idi" kəlməsini hətta ən qatı opponentləri belə etiraf etməkdən çəkinmir. O, Azərbaycan siyasətinə siyasi əxlaqın simvolu kimi daxil oldu və ömrünün sonuna kimi də əxlaqını qorumağı bacardı. Onun üçün əxlaqlı insan hər şeyin fövqündə dayanırdı. Onu insan kimi yüksək dəyərləndirənlər siyasətçi kimi bəzən ona görə qəbul edə bilmirdilər ki, onun üçün siyasət əxlaq üzərində qurulmalı və millətinə xidmət etməli idi. Bunu bacarmayanlar və etmək istəməyənlər üçün o naşı siyasətçi idi, onun özü üçün isə naşı siyasətçi olmaqla razılaşmaq əxlaqsız siyasətçi olmaqla razılaşmaqdan daha öndə dururdu... Hamını xoşbəxt görmək istəyən insan... Gəncliyindən, dissident fəaliyyətindən bəhs edən bir rus müəllifi yazırdı ki, O, milləti üçün azadlıq istəyirdi. Amma milləti üçün azadlıq istəyən bir şəxsin özünün azad olmasına bu rus müəllifi özünü heç cür inandıra bilmirdi. Onun nəzərində başqalarının yanında köynəyini dəyişməkdən utanan birisi millətinə azadlıq verə bilməzdi. Bunun üçün öncə onun özünün azad olması lazım idi, azadlıq isə o rus müəllifinin fikrincə, başqalarının yanında köynəyini dəyişməkdən başlayırdı. O zaman həmin o müəllifin ona ünvanlanan "Axı sən millətinə necə azadıq istəyə bilərsən" sualına sadəcə başı ilə yolu göstərərək "get" cavabını vermişdi. Getdi və illər sonra ay-ulduzlu Azərbaycan bayrağının fonunda mikrofon qarşısında Onun gurlayan səsini eşidəndə anladı ki, azadlığı sevmək və daxilən azad olmaq üçün təkcə köynəyini başqalarının yanında dəyişmək kifayət etməz... O millətinin, vətəninin, türklüyün ən böyük aşiqi idi. Heç bir təmənna ummadan, bu milləti və bu vətəni sevirdi. Sevgisi ilə fəxr edirdi, onun millətinin və onun vətəninin sevgilərin ən böyüyünə layiq olduğunu düşünürdü. Bu millətin və bu vətənin övladı olmaq Onun üçün dünyanın ən böyük xoşbəxtliyi idi. O, bu xoşbəxtliklə yetinməyi bacarırdı, hamını da belə xoşbəxt görmək istəyirdi. Azad və xoşbəxt. Xoşbəxtlik isə onun nəzərində bu millətə mənsubluqdan başlayırdı. Millətinə dünyanın ən yaxşılarını arzulayardı. Bəzən ona layiq olanları almağa çalışmayan millətinə heyfslənirdi, amma heç vaxt ondan küsmürdü. Böyük ürəyində hamıya yetəcək qədər sevgi yaşadırdı, elə özünü də yaşadan ürəyində gəzdirdiyi böyük insan sevgisi idi... O böyük demokrat idi, elə buna görə də onun millətinə olan aşiqliyini bilə-bilə onu millətçilikdə günahlandıra bilmirdilər. Çünki bilirdilər ki, bu sevgi sadəcə bir millətə olan sevgi ilə kifayətlənmir, bu sevgi İnsanlığa olan sevgidir. Qarşısındakının nə düşündüyünü sonuna qədər dinləməyi yalnız özü kimi böyük şəxsiyyətlər özlərinə rəva bilərdilər. Tənqidləri də beləcə azad sözün nümunəsi kimi qəbul edirdi. Tənqidlər həddini aşıb təhqirlərə keçəndə isə sadəcə kədərlənirdi. Amma özü barədə təhqir eşitdiyinə görə yox, tənqidlə təhqiri ayıra bilməyən daha bir insanı itirdiyimizə görə. İtirdiklərimiz hamısı kisəmizdən gedirdi, bu kisə isə bizə dolu lazım idi... Tarixdə yaşamağa haqqı olan insan Bəzən uşaq kimi kövrək olurdu. Ətrafındakılardan, yaxınında və uzağındakılardan bir fərqi də kövrəkliyinin acizliyi kimi qəbul ediləcəyindən çəkinməməsi idi. İnsan bütün yaşlarında böyüməyə ehtiyac duyur, böyüdükcə də dərdləri də, sevinci də böyüyür. O da dərdləri ilə böyüyürdü. O dərdlərlə ki, illərdir bu millətin və bu vətənin böyüməsini əngəlləyirdi. Ağzına qədər dolu olan zalda göz yaşları tökməkdən utanmırdı, bu yaşlar dil açıb bu vətən boyda dərdlərindən danışırdı. 1945-46-ci illərdə Güney Azərbaycanda yaradılan Milli hökumətin fəaliyyətindən nə qədər fəxrlə danışırdısa, heç bir dəqiqə keçməmiş şah qoşunlarının güneyli soydaşlarımıza tutduğu divandan gözüyaşlı danışırdı. Bəlkə elə o yaşlar neçə-neçə Azərbaycan insanın yadına vətənin bir də o tayının olduğunu salmışdı. Bəlkə neçələri Təbrizin hələ də qan qoxuyan küçələrində "Qaragilə"nin həzin pıçıltısını eşitmişdi. Bəlkə neçələrinin gözündə Azərbaycan olduğu qədər böyümüşdü, o qədər ki, Təbrizi, Urmiyəsi, Zəncanı, İrəvanı, Dərbəndi ilə bütöv bir Azərbaycan olmuşdu. O bizlərə Azərbaycanı bütöv tanıtdırıb sevdirməyi bacardı. Təkcə elə buna görə Onun tarixdə yaşamağa haqqı var. Güney Azərbaycanın ən böyük hamisi idi, dağ boyda sevgisini əl boyda ürəyində gəzdirirdi, bu sevgini Onun gözlərindən oxumaq o qədər də çətin deyildi. Yetərdi ki, o gözlərə vətən sevgisi ilə baxasan... "Bütün yollar geriyə aparır"-nədənsə Ondan danışanda ağlıma gələn ilk cümlə bu olur. Bəlkə ona görə ki, geridə qoyub gəldiklərimizin dəyərini anlatmışdı, bəlkə ona görə irəliyə getmək üçün dönüb mütləq geriyə baxmaq lazım idi. Geridə buraxdıqlarımız irəli üçün arzularımız olmuşdu. Bizə bir zamanın gerçəkliklərini arzuları kimi sevdirməyi də öhdəsinə götürmüşdü, öhdəsindən gəldi də. Ürəyində bir Savalan nisgili daşıyırdı, bu nisgil bəlkə ölüm yatağında belə onu tərk etmədi. Ölümlə gələn ölümsüzlüyü də Savalan sevdası ilə, Savalan nisgili ilə getdi. İstəyi bizlərin bu nisgillə yaşamamağımız idi, bizlər isə hələ də bu nisgilin gölgəsində özümüzü ovundurmaqla məşğuluq. Bizə sevdirdiyi vətəni onun adına layiq, elə bu vətənə layiqi də sevməyi hələlik bacarmırıq. Vətən sevgisinin sərhəddi yoxdur, bu sevginin harda başlayıb harda bitdiyini anladığın an vətənpərvər adını üzərindən silib atmalısan. O, vətəni sərhədsiz sevənlərdən idi, bəlkə buna görə vətəni ikiyə bölən Arazın ayrılıq rəmzi olduğu ilə razılaşmırdı. Onun üçün Araz vətəni ayırmırdı, birləşdirirdi. Güney Azərbaycanın ən böyük hamisi idi, Onun olduğu yerdə Güneydən söhbət düşməyəcəyinə inanmaq olmazdı. Olduğu hər yerə Güneyi də daşıyırdı, problemləri, istəkləri, azadlıq eşqi ilə bərabər. "Qarabağın azadlığı Güneyin azadlığından keçir" bu sözlərdə populist nüans axtaranlar illər sonra baş verəcəklərdən xəbərsiz olduqlarını elə ilk təxminlərində biruzə verdilər. Eyniylə bir zamanlar Sovetlər Birliyinin dağılacağı barədə söylədiklərini gülüş və təhdid hədəfinə çevirənlər kimi. Bütöv Azərbaycanın sevdalısı "Zaman hər şeyin açarıdır" deyirdi, zamanla yarışa çıxmağı yox, onunla ayaqlaşmağı xoşlayırdı. Eyni zamanda itirilmiş zamanların bir daha qazanılması mümkünlüyünə inandırmaq qabiliyyətinə malikdi, bu qabiliyyət onun siyasət meydanından geri çəkilməsini dördəllə gözləyənlərin dəyirmanını susuz qoyurdu. "İran dağılacaq" deyəndə də zamanı hesablayırdı, bunu kimisi uzaqgörənlik adlandırırdı, kimisi zamanın dəyərləndirilməsi, kimisi də sadəcə istək. Amma bu uzaqgörənliyin, zaman məfhumunun, istəyin arxasında bir də həqiqət dururdu, siyasətin və tarixin həqiqəti. O həqiqət ki, onu ləngitmək siyasətçilərə müyyəssər olsa da tamamilə gedişatdan saxlamaq mümkünsüz görünür. Zamanı saxlamaq mümkün olmadığı kimi. Bu sənin üçün əqrəbi sınmış saatın yaşatdığı bir anlıq sevinc deyil. O da zamana və tarixin həqiqətinə dayanaraq Güneyin azad olacağı günün gəlib çatacağına inanırdı, inamında möhkəm idi, bizləri də bu inamın ətrafına cəm eləyə bilmişdi. Onun üçün bütöv Azərbaycanın təməli bütöv Azərbaycan ailəsində atılırdı. İndi də Təbrizdə, Urmiyədə, Ərdəbildə, Bakıda onun bu düşüncəsindən yaranan yüzlərlə ailə yaşayır. Hər biri bütöv Azərbaycanın bir halqasıdır, bu ailələrdə doğulan, böyüyən təkcə uşaqlar deyil, həm də bütöv Azərbaycan sevdasıdır. Yeni nəsillə yaranan və böyüyən bu sevda yolunu sona çatdırmaq da elə bu uşaqların bəxtinə yazılacaq. O uşaqların ki, Təbrizdə qoyub gəldiyi evinin bir güncünə atılmış oyuncağının həsrətini çəkir. O uşaqların ki, uşaqlığı barədə anasından eşitdiyi nağıllarda Təbrizin dar-dolanbac küçəsində ayağından salıb itirdiyi qırmızı ayaqqabısının bir tayını tapmaq üçün can atır. O uşaqların ki, havadan ayrılıq qoxusu gələn zamanlarda vətənin bir parçasından o biri parçasına üz tutan valideynlərinin həsrətinə günlərin birində son qoyacağı istəyi ilə böyüyür. Mən bu uşaqlardan birinin Təbriz yanğısını, Təbriz nisgilini, Təbriz sevdasını azacıq da olsa ovundurmaq üçün çalışdım, amma söylədiyim hər kəlmədə gözləri qarşısında bütöv bir vətənin sərhədləri açılan bir uşağın istəyini sadəcə sözlərlə, xatirələrlə söndürmək mümkün deyil. Zaman gələcək və bu uşaqlar gözlərini açdıqları vətən torpağının nisgilinə son qoymaq istəyəcəklər. Axı bütün yollar geriyə aparır... Ruhun şad olsun, Elçibəy! Biz səni sənə layiq sevə bilmədik, amma sənə, bu millətə və bu vətənə layiq övladlar yetişdirməklə borcumuzu ödəyəcəyik! Elnarə Kərimova Yazı "Xalq Cəbhəsi" qəzetinin Əbülfəz Elçibəyin 70 illik yubileyi ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim edilir. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar