SON XƏBƏRLƏR

Cari ildə Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti ayrılmayıb

2021.10.20, 07:36
Cari ildə Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti ayrılmayıb

Gunaz.tv

GünAz TV: Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş cari ildə gölün canlandırılması üçün büdcə vəsaiti ayrılmadığını bildirib.

 

O bu barədə “Pana” xəbər agentliyinə danışıb.

 

“Ötən il (hicri-şəmsi təqvimi ilə 1397-ci il) Urmu gölünün canlandırma işlərinə 500 milyard rial məbləğində vəsait ayrılmışdır, bu məbləğ gölün bərpası ilə bağlı aidiyyatı orqanlar arasında paylanıldı. Lakin cari ildə günümüzə qədər heç bir büdcə vəsaitinin ayrılması ilə bağlı məlumat yoxdur, biz işlərə başlamaq üçün vəsait gözləyirik.”- deyə o bildirib.

 

Fərhad Sərxoş vurğulayıb ki, hal-hazırda Urmu gölü böhran vəziyyətindən çıxıb. Lakin əsas məsələ gölə suyun axıdılması ilə əlaqədar layihələrin icra olunmasıdır. Layihələr icra olunmasa, göl iki il sonra əvvəlki vəziyyətə qayıdacaq.

 

Fərhad Sərxoş

 

“Göldə suyun buxarlanması təbii haldır. Hər il müəyyən miqdarda su buxara çevrilir. Bizim proqnozumuza görə, bu il də Urmu gölündə 1 milyard kubmetr su buxara çevriləcək. Bunu nəzərə alaraq gölə əlavə su axıdılmalıdır və bu layihələr ləngiməməlidir.”- deyə Fərhad Sərxoş vurğulayıb.

 

Qeyd edək ki, bölgədə yağıntıların artması Urmu gölündə suyun səviyyəsinin müəyyən qədər yüksəlməsinə səbəb olub. İranın hökumət rəsmiləri isə göldə olan müsbət dəyişikliyi dövlətin sözdə tədbirləri ilə əlaqələndirməyə çalışır. Lakin yerli əhali vəziyyətin yağıntılar nəticəsində nisbətən dəyişdiyinin fərqindədir. Hətta bu barədə Urmiyənin millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur da dəfələrlə açıqlama veriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar