SON XƏBƏRLƏR

Cavid Rəhman İranda insan hüquqlarının faciəli durumu barədə yeni hesabatını yayıb - 2 FOTO

2021.10.20, 07:36
Cavid Rəhman İranda insan hüquqlarının faciəli durumu barədə yeni hesabatını yayıb - 2 FOTO

Gunaz.tv

GünazTV: BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman fevralın 19-da islam respublikasında insan hüquqlarının faciəli durumu barədə yeni hesabatını yayıb.

 

Hesabatın böyük bir qismi, 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə artmasına qarşı ölkədə baş vermiş kütləvi etirazlarda hökumətin dinc aksiyaçılara qarşı tətbiq etdiyi qanlı repressiyalara aiddir.

 

C.Rəhman bildirib ki, o, noyabr etirazlarında rejim tərəfindən öldürülənlərin sayının çoxluğundan, həbs edilən dinc etirazçılara qarşı zindanlarda göstərilən misilsiz qəddarlıqdan şoka düşüb: “Bizdə olan məlumatlara əsasən, etirazlarda tutulanlardan yalançı etiraf almaq üçün onlara işgəncə verilir, onlarla kobud rəftar edilir. Həmçinin təhlükəsizlik qüvvələrinin güc tətbiq edilməsi nəticəsində bədən xəsarəti alanlar həkim xidmətindən və dava-dərmandan məhrum olunurlar.

 

İran İslam Respublikası rejiminin jurnalistlərə və onların ailə üzvlərinə, eləcə də etnik və dini azlıqlara qarşı təzyiq, işgəncə və təhdid siyasəti hələ də davam edir. Bundan başqa, İranda baş verən edamlar, o cümlədən də uşaq və yeniyetmələrin edam olunması, qadınlara, milli və dini azlıqlara qarşı təzyiqlər, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhbusların ağır durumu, qanlı repressiyalar və insanların sərbəst toplaşma hüquqlarının məhdudlaşdırılması davam edir.

 

Həmçinin, məhbus vəkillər, Nəsrin Sütudə və Əmir Salar Davudinin, eləcə də məcburi hicaba qarşı etiraz bildirən dinc fəallar Yasəmən Ariyani, Münirə Ərəbşahi, Mojqan Keşavərz, Səba Kürd Əfşari və siyasi məhbus Arəş Sadiqinin həbsdə saxlanmasının davam etdirilməsi bizim ciddi nigaranlığımıza səbəb olub” -deyə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın yaydığı yeni hesabatında bildirilir.

 

 

Xatırladaq ki, 2019-cu il, noyabrın 15-də İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar qısa zaman içində molla rejiminin əleyhinə yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açması nəticəsində bir neçə gün ərzində 1500-dən çox günahsız insan öldürülüb, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 11 minə yaxın etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlardan üç ay keçməsinə baxmayaraq, həbs edilən minlərlə aksiyaçı hələ də həbsdə saxlanılır. Molla rejimi həmçinin etirazlarda yoxa çıxan yüzlərlə insanın sonrakı taleyi barədə ailələrinə cavab verməkdən boyun qaçırır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar