SON XƏBƏRLƏR

Çin bankları sanksiyalar səbəbindən İranla əməkdaşlıq etmirlər

2021.10.20, 07:36
Çin bankları sanksiyalar səbəbindən İranla əməkdaşlıq etmirlər

Gunaz.tv

GünAz TV: İran və Çin Ticarət Palatasının üzvü Məcid Rza Həriri hazırada Çin banklarının İranla həmkarlığı dayandırdığını deyib.

 

Onun sözlərinə görə, Çin bankları İranla əməkdaşlığı yenidən başlatmaq üçün FATF -in rəsmi Tehran tərəfindən qəbul etməsini şərt kimi irəli sürüb. Həriri bildirib ki, hətta Çin bankları xarici ölkələrdə yaşayan və ticari fəaliyyətlə məşğul olmayan iranlıların da bank hesablarını dondurmaqdadır.

 

FATF adlanan transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə layihəsi İran Milli Məclisi tərəfindən qəbul edilib. Bu qanun layihəsinin qüvvəyə minməsi üçün Ali Məsləhət Şurası da onu qəbul təsdiqləməlidir. Çin bankları isə bu layihənin təsdiqi ilə bağlı qərarın nəticələri elan edilməyənə qədər İranla əməkdaşlığı dayandırıb.

 

Həriri bildirib ki, əvvəlki hökumət dövründə 2009-cu ildə İrana qarşı Amerikanın qəbul etdiyi sanksiyalar kəskinləşən zaman rəsmi Tehranla Pekin arasında bank əməliyyatlarını həyata keçirmək üçün Kunlun Bankı yaradılmışdı. Bu bankın nizamnamə kapitalı da Çində dondurulmuş İranın neft pulları vasitəsi ilə təmin edilmişdi. Amma hazırda bu bank Amerikanın İrana qarşı qəbul etdiyi sanksiyaları dəstəkləyir və sanksiya tətbiq edilmiş sahələrdə İranla əməkdaşlıq etməyəcəyini bəyan edib.

 

Həririnin dediklərinə əsasən, artıq sanksiyalardan yayınmaq mümkünsüz olub. Çünki sanksiyaları pozmaq üçün istifadə edilən üsulların bir çoxu elə iranlı rəsmilərin özləri tərəfindən müəyyən dövrlərdə ifşa edilib.

 

Xatırlaqdaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ilin may ayının əvvəllərində İrana qarşı sanksiyaların yenidən tətbiq ediləcəyini elan edərək, ölkəsinin 5+1 ölkələri ilə İran arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bildirmişdi. Noyabr ayının əvvəllərində isə İranın neft və qaz sektoruna qarşı yeni sanksiyalar tətbiq edilib. Bu sanksiyaların qəbulundan sonra İran milli valyutası dəyərini kəskin itirib və ölkədə böyük iqtisadi problemlər yaranıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar