SON XƏBƏRLƏR

Çingiz Aytmatov vəfat etdi

2021.10.20, 07:36
Çingiz Aytmatov vəfat etdi

Gunaz.tv
Çingiz Aytmatov vəfat etdi 11.06-6.jpg Ölüm səbəbi böyrəklərin kəskin iltihabı və nəticədə böyrəklərin fəaliyyətinin itirilməsi ilə əlaqələndirilir Tanınmış qırğız yazıçısı Çingiz Aytmatov vəfat edib. Bu barədə məlumatı Almaniyanın DPA agentliyi, 79 yaşlı yazıçının müalicə olunduğu Nürenberq klinikasına istinadən yayıb. Çingiz Aytmatovun ölüm səbəbi böyrəklərin kəskin iltihabı və nəticədə böyrəklərin fəaliyyətinin itirilməsi ilə əlaqələndirilir. Kədərli xəbəri Qırğızıstan prezidentinin mətbuat xidməti də təsdiqləyib.Çingiz Aytmatovun müalicə olunduğu klinikanın həkimləri, onun səhhətini kritik hesab edirdi. Qeyd edək ki, o, Almaniyaya mayın 19-da böyrəklərin iltihabı və böyrək çatışmazlığı diaqnozu ilə aparılmışdı. Xəstə intensiv terapiya palatasına yerləşdirilmiş və süni koma vəziyyətinə salınmışdı. Dünya şöhrətli yazıçı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas əyalətinin Şəkər kəndində anadan olub. 1948-ci ildə o, Frunzedəki (indiki Bişkek) Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirib. 1952-ci ildən başlayaraq qırğız dilində kiçik hekayələri çap olunmağa başlayıb. 1956-cı ildə Moskvadakı Ali Ədəbiyyat kurslarına daxil olub. Kursu qurtardığı illərdə onun "Üz-üzə" hekayəsi "Oktyabr" jurnalında çap olunub. Həmin dövrdə bir sıra hekayələri, həmçinin, ona dünya şöhrəti gətirən "Cəmilə" povesti işıq üzü görüb. Çingiz Aytmatovun bir sıra məşhur roman və povestləri dünya ədəbiyyatı kitabxanasına daxil olub. Bu əsərlərdən "Gün var, əsrə bərabər", "Ana torpaq", "Əlvida, Gülsarı", "Cəllad kötüyü", "Dəniz kənarı ilə qaçan Alabaş" və başqa əsərlərin adını çəkmək olar. Məhsuldar ədəbi fəaliyyəti ilə yanaşı, Çingiz Aytmatov həm də görkəmli ictimai xadim kimi də fəaliyyət göstərib. O, 1990-94-cü illərdə SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri işləyib. İndi isə Qırğızıstanın Belçikadakı səfiridir. Çingiz Aytmatov bir sıra mükafatlara, o cümlədən 1963-cü ildə Lenin mükafatına layiq görülüb, bir sıra yaradıcı təşkilatlara rəhbərlik edib. 2008-ci il Qırğızıstanda "Çingiz Aytmatov ili" elan edilib. Bu, onun 80 illik yubileyi ilə bağlıdır. İl çərçivəsində yazıçı ilə bağlı beynəlxalq sərgi və simpoziumlar təşkil olunması, kitablarının yenidən nəşr olunaraq kitabxanalara paylanması, həmçinin digər mədəni tədbirlərin də təşkili nəzərdə tutulurdu. Çingiz Aytmatov Azərbaycanın yaxın dostlarından sayılırdı. O, dəfələrlə ölkəmizdə olub. İki ölkə arasında, o cümlədən türkdilli ölkələr arasında mədəni, ədəbi əlaqələrin vacibliyini dilə gətirib. Yazıçının Azərbaycana son səfəri 2008-ci ilin fevralında olub. Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşan səfər çərçivəsində bir sıra mərasimlərə qatılıb, görüşlərdə iştirak edib. Həmçinin o, Bakıda azərbaycanlıların və digər türk xalqlarının Əməkdaşlıq Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycandakı Atatürk Mərkəzi Çingiz Aytmatovun ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini irəli sürüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il fevralın 25-də Çingiz Aytmatovu Azərbaycanın yüksək ordeni olan "Dostluq" ordeni ilə təltif edib. Prezdent həmçinin qeyd edib ki, Çingiz Aytmatovun Azərbaycanda bu ordenə layiq görülən ilk şəxsdir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar