SON XƏBƏRLƏR

Con Bolton: “Təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsi İrana açıq bir mesajdır”

2021.10.20, 07:36
Con Bolton: “Təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsi İrana açıq bir mesajdır”

Gunaz.tv

GünazTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mayın 5-də jurnalistlərə açıqlamasında Amerikanın Orta Şərq regionunda öz hərbi gücünü artırmasından danışıb.

 

Öz açıqlamasında İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinə toxunan Bolton deyib ki, Tramp hökuməti Amerikanın regionda hərbi qüvvələrinin gücünü artırmaqla Tehran rejiminə açıq və şəffaf bir mesaj vermək istəyir: “Amerika Birləşmiş Ştatları İranla müharibə etmək fikrində deyil. Lakin İranın Amerika qüvvələrinə və ya onun regional müttəfiqlərinə qarşı hər hansı bir hərbi addımına sarsıdıcı cavab verəcək. ABŞ hökuməti İranın regionda yaşanan mövcud çaxnaşmaları qızışdırmasını, bölgənin sabitliyinə qarşı yönələn təhdid və əməllərini nəzərə alaraq, özünün təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi ilə qırıcılarını Orta Şərq məntəqəsinə göndərməyi qərara alıb. Həmin qüvvələr, Amerikanın Mərkəzi qüvvələr Komandanlığının (CENTCOM) nəzarətində fəaliyyət göstərəcək.

 

Hesab edirəm ki, ABŞ-ın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin və qırıcıların bölgəyə göndərilməsi İran rejiminə açıq bir mesajdır. O da budur ki, İran tərəfindən ABŞ-ın mənafeyinə və onun müttəfiqlərinə qarşı həyata keçirilən hər hansı bir hücumuna, kəskin və sarsıdıcı cavab veriləcək. Aydın məsələdir ki, biz İranla savaşmaq niyyətində deyilik. Lakin, “Sepah”ın, onun dəstəklədiyi muzdlu qruplaşmaların və İran ordusunun qüvvələrimizə qarşı hər hansı bir hücumuna kəskin reaksiya vermək üçün hazır vəziyyətdəyik” –deyə Con Bolton əlavə edib.

 

 

Qeyd edək ki, son həftələr Tramp hökumətinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməsindən sonra, Tehranla Vaşinqton arasındakı çaxnaşma daha da şiddətlənib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar