SON XƏBƏRLƏR

Cozef Borel Britaniya səfirinin İranda müvəqqəti tutulmasından narahatlıq ifadə edib- FOTO

2021.10.20, 07:36
Cozef Borel Britaniya səfirinin İranda müvəqqəti tutulmasından narahatlıq ifadə edib- FOTO

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel Britaniya səfirinin İranda müvəqqəti tutulmasından narahatlığını ifadə edib və tərəfləri gərginliyi azaltmağa çağırıb.

 

O, Twitter səhifəsində yazdığı statusda rəsmi Tehrandan Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına tam əməl etməsini istəyib. Aİ rəsmisi həmçinin qeyd edib ki, təmsil etdiyi qurum gərginliyin azaldılması və diplomatik danışıqlar üçün əlverişli şəraitin yaradılmasının tərəfdarıdır.

 

 

Cozef Borelin statusundan bir müddət sonra İran Xarici İşlər Nazirliyi Britaniyanın Tehrandakı səfirini "qeyri-adi davranış və qeyri-qanuni mitinqdə iştirakına görə" nazirliyə çağırıldığı barədə məlumat yayıb.

 

Xatırladaq ki, ötən gün "Sepah" terror təşkilatına məxsus "Təsnim" agentliyi İngiltərənin Tehrandakı səfiri Robert Makeyrin bir neçə saatlıq həbs edildiyi barədə məlumat yaymışdı. İran tərəfi onu "Sepah"ın Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurmasına qarşı keçirilmiş etiraz aksiyasında iştirak etməkdə günahlandırır.

 

"Mən heç bir mitinqdə iştirak etmədiyimi bir daha vurğulayıram. Sadəcə olaraq təyyarənin vurulmasında ölən insanların anım mərasiminə getmişəm. Ölənlərdən bəzilərinin Britaniya vətəndaşı olduğunu nəzərə alsaq, onların xatirəsini anmağım təbii addımdır. 5 dəqiqədən- yəni bir qrup insanın şüar səsləndirməyə başlamasından sonra o yeri tərk etdim",- deyə səfir bu gün ittimalarla bağlı Twitter hesabında yazıb.

 

 

O, digər statusda anım mərasimi keçirilən məkanı tərk etdikdən yarım saat sonra saxlandığını qeyd edib. Robert Makeyr sonda diplomatların hansı ölkədə olur-olsun tutulmasının qanunu olduğunu bildirib.

 

Məsələyə münasibət bildirən Britaniya Xarici İşlər naziri Dominik Raab isə səfirin heç bir səbəb və izah olmadan saxlandığını bildirib və İranın bu addımını beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması kimi dəyərləndirib.

 

Bu gün İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçinin Twitterdə Cozef Borelə cavabı isə təəccüb doğurub:

 

"O, həbs edilməmişdi, qeyri-qanuni etiraz aksiyasında iştirak edən xarici vətəndaş olaraq saxlanmışdı. Polis mənə zəng edib, Britaniya səfiri olduğunu iddia edən kişini saxladığı barədə məlumat verəndə bildirdim ki, bu, mümkün deyil. Lakin onunla telefonla danışdıqdan sonra anladım ki, özüdür (səfir-red.) və çox təəccübləndim. O, 15 dəqiqə sonra azad edildi", - deyə Əraqçi qeyd edib.

 

 

Əraqçinin dediklərinin əksinə olaraq, "Təsnim" və "Mehr" agentlikləri mitinqdə iştirak edən səfirin "onu təşkil etdiyi, eləcə də etirazçıları bəzi radikal və qeyri-qanuni davranışlara çağırdığı" üçün polis tərəfindən saxlandığını bildiriblər.

 

Tehranda "Sepah"ın Ukrayna təyyarəsini raketlə vurmasına qarşı etiraz Əmir Kəbir Universitetinin qarşısından başlamışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar