SON XƏBƏRLƏR

BMT İrana qarşı qətnamə qəbul etdi

2021.11.18, 11:09
BMT İrana qarşı qətnamə qəbul etdi

Gunaz.tv

Sənəd BMT Baş Assambleyasının Üçüncü Komitəsi tərəfindən 79 lehinə, 30 əleyhinə və 71 bitərəf olmaqla qəbul edilib.

Qətnamədə çox sayda edamlar, geniş yayılmış sistemli və əsassız həbslər, tibbi müalicə və xidmətlərdən qəsdən məhrumetmə, Evin həbsxanasında məhbuslara qarşı pis davranış, hüquq müdafiəçilərinə qarşı təqib və hədə-qorxu, etiraflar almaq üçün işgəncələrdən istifadə etmə faktlarına və məhbusların şübhəli ölümlərinə diqqət çəkilib.

Sənəddə İranda insan haqları ilə bağlı bütün ciddi pozuntuların, o cümlədən yoxa çıxmaların, məhkəməsiz edamların və bu cür cinayətlərin sübutlarının aradan aparılmasının etibarlı, müstəqil və qərəzsiz araşdırılmasının zəruriliyi vurğulanır.

Bu cinayətlərə görə cəzasızlığa son qoyulması tələb olunur. 

BMT-nin qəbul etdiyi sənəddə həmçinin İran İslam Respublikasında yetkinlik yaşına çatmayanlar üçün edam hökmünün tətbiqinin davamından ciddi narahatlıq ifadə olunub.

 İran İslam Respublikası cinayət törədərkən yaşı 18-dən az olan şəxslər də daxil olmaqla yetkinlik yaşına çatmayanlara qarşı ölüm hökmünün tətbiqini dayandırmağa çağırılıb. 

Qətnamədə qeyd olunur ki, cinayət törətdiyi vaxt yaşı 18-dən az olan şəxslərin edam edilməsi Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyanın pozulmasıdır.

Sənəddə İran İslam Respublikası əsassız həbsləri dayandırmağa, təməl insan hüquq və azadlıqlarını tələb etdiklərinə görə tutulan bütün şəxsləri, o cümlədən dinc nümayişlərdə iştirak edənləri azad etməyə çağırılır.

İran hökumətindən tələb edilir ki, ağır və ədalətsiz hökmləri, o cümlədən ölüm cəzası, uzunmüddətli daxili sürgünü ləğv etsin, insan haqları müdafiəçilərindən, siyasi fəallardan, onların ailələrindən və aksiyaları işıqlandıran fəallar, habelə mediada nümayəndələrindən qisas almağa son qoysun. 

İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Zəhra Ərşədi BMT Baş Assambleyasının 3-cü Komitəsinin iclasında qəbul edilən qətnaməni “mövcud reallıqların sifarişli siyasi təhrifi” adlandırıb.

O, deyib ki, bu, “düşmənçilikdir və başqalarını bilərəkdən İranofobiyaya təhrik etmək” prinsiplərinə uyğundur. 

İran İslam Respublikasına yaxın olan bir neçə ölkə qəbul insan haqlarının pozulması iıə bağlı bir ölkəyə qarşı qəbul edilən bu sayaq qətnaməni tənqid ediblər.

Kuba nümayəndəsi qeyd edib ki, “insan haqlarının siyasiləşdirilməsi” dövlətlərdə sabitliyin pozulmasına səbəb olacaq.

Şimali Koreya nümayəndəsi konkret ölkələri hədəf alan bu cür qətnamələrdən istifadəni “siyasiləşmənin və ikili standartların bariz nümunələri” adlandırıb.

Suriya nümayəndəsi isə ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Qeyd edək ki, qətnamənin əleyhinə səs verən 30 ölkə arasında İranın daima şərlədiyi və düşmən münasibət bəslədiyi bir neçə ölkənin də adı var.

İran hökuməti və onun nəzarətində olan media qurumları "İranın düşmənlərinin dostu" adlandırdığı Azərbaycan Respublikasına qarşı davamlı əks-təbliğat aparsa da Azərbaycanın BMT-dəki nümayəndəsi İrana qarşı çıxarılan qətnamənin əleyhinə səs verib.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar