SON XƏBƏRLƏR

Dağlıq Qarabağda müharibə riski artıb

2021.10.20, 07:36
Dağlıq Qarabağda müharibə riski artıb

Gunaz.tv
GünAzTv: Beynəlxalq təşkilatlar və ekspertlər Dağlıq Qarabağda müharibənin hər an gözlənildiyini bəyan edirlər.  Azərbaycanın işğal altında olan ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı barədə informasiyalar intensivləşməkdədir. Artıq bir sıra beynəlxalq qurumlar, həmçinin ermənilər Azərbaycanın sürətlə silahlandığını və hər an hərbi əməliyyatlara başlana biləcəyini bəyan etməkdədirlər. GünAzTv mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Dünyada sülh problemlərinin öyrənilməsi ilə məşğul olan Stokholm Beynəlxalq İnstitutunun (SİRPİ) açıqladığı hesabatda bildirilib ki, Cənubi Qafqaz ölkələrinin üçü də hərbi büdcələrini ilbəil artırırlar. Xüsusilə də Azərbaycan hərbi büdcəsini sürətlə artırır və silah, hərbi texnikasını çoxaldır. Hesabatın müəllifi, SİRPİ-nin silahların alınmasının öyrənilməsi proqramının direktoru Pol Holtonun sözlərinə görə, 2009-cu ildə Azərbaycanın aldığı texnika arasında Rusiya ilə imzalanmış müqavilə əsasında əldə edilən 70 ədəd "BTR - 80A" seriyalı zirehli texnika da var. Bundan əlavə, Bakı keçən il "Paramount Groups"la Cənubi Afrika Respublikasında işlənilib-hazırlanan "Matador" və "Marauder" tipli zirehli maşınların Azərbaycanda istehsalına dair müqavilə imzalayıb. Holton vurğulayıb ki, bu maşınların Azərbaycanda istehsal edilməsi milli müdafiə sənayesinin yaradılması istiqamətində ilk addım olacaq: "Bakının yeni tipli zirehli texnikaların istehsalına başlaması, İsraildən pilotsuz təyyarələrin alınması və son aylarda Ermənistanın ünvanına hərbi bəyanatların səsləndirilməsi Bakının itirilmiş əraziləri potensial olaraq güc yolu ilə qaytarmağa hazırlaşdığını söyləməyə şübhə yeri qoymur. Rusiya ilə Ermənistan arasında təhlükəsizlik məsələləri ilə bağlı razılaşmanın imzalandığı nəzərə alınarsa, bu məsələdə Azərbaycan üçün əsas məqam Moskvanın bu addıma reaksiyasının necə olacağıdır". Dağlıq Qarabağdakı separatçı rejimin sabiq "müdafiə naziri" Samvel Babayan da srağagün keçirdiyi mətbuat konfransında Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığını bəyan edib. Babayan bildirib ki, Qarabağda müharibə başlasa, heç bir fövqəldövlət Ermənistana kömək etməyəcək: "Ermənistan Qarabağ münaqişəsinin həlli üçün siyasi məqamı itirib. 1994-cü ildə biz dayanmamalı və Bakını müqaviləni birdəfəlik imzalamağa məcbur etməli idik". Azərbaycan tərəfində də bir sıra ekspertlər ölkəmizin hərbi əməliyyatlara başlaması ehtimalının böyük olduğunu düşünürlər. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Azərbaycanın ərazi bütünlüyünü və suverenliyini bərpa etmək üçün hərbi potensialını artırmaq yönündə ciddi çalışdığı heç kimə sirr deyil və bu, təbiidir. Ancaq Azərbaycanın müharibə sevər bir dövlət kimi təqdim olunması yanlışdır: "Statistika da Stokholm bəyanatının əksini təsdiq edir. Ermənistan dövlət büdcəsinin 4,5 faizini hərbi xərclər üçün ayırdığı halda, Azərbaycan bu istiqamətdə büdcənin 3,6 faizini ayırır. O başqa məsələdir ki, Ermənistan büdcəsi getdikcə daralır, iqtisadiyyat çökür və ordu üçün ayırdığı vəsait pul ifadəsilə 300 milyon dollar təşkil edir. Azərbaycanın hərbi xərcləri pul ifadəsilə onlardan 6 dəfədən çoxdur. Xristian dövlətlərini narahat edən də budur. Çünki Avropa Birliyi dotasiyalı region saxlamaqda maraqlı olmadıqları üçün bu "yarışmada" Ermənistanın Azərbaycana yaxın perspektivdə uduzacağını bilir və Azərbaycanı durdurmaq istəyirlər. Belə davam edərsə, regionda qüvvələr nisbətinin çox ciddi surətdə müsəlman-türk etnosunun xeyrinə dəyişəcəyinin fərqindədirlər". S.Babayanın "müharibə başlasa, heç bir fövqəl dövlət Ermənistana kömək etməyəcək" bəyanatına gəlincə, N.Miri hesab edir ki, bu fikirdə həqiqət var: "Ötən zaman kəsiyi vəziyyəti Azərbaycanın xeyrinə dəyişib. Artıq Azərbaycan dünya birliyi üçün vazkeçilməz ölkəyə və Cənubi Qafqazın təhlükəsizliyinin qarantına çevrilib. Bu gün Ermənistanın havadarı olan Rusiya, ABŞ və Avropa Birliyi Azərbaycanı nəzərə almadan öz geosiyasi və geoiqtisadi maraqlarını regionda təmin edə bilmir və bu proses getdikcə bizə olan ehtiyacı daha da artıracaq. Bundan başqa, Azərbaycan hərbi müttəfiqlər yönündə də müəyyən işlər görməkdədir. Aprelin əvvəlindən iyun ayınadək Azərbaycan Ordusu Türkiyə və Pakistan orduları ilə birgə müxtəlif profilli təlimlər keçirəcək. Bütün bunları nəzərə alanda Azərbaycanı birdəfəlik itirərək Ermənistanı müdafiə etmək erməni havadarları üçün çətinləşəcək. Yaxın gələcəkdə "erməni faktoru"nun bir siyasi alət olaraq yenidən arxivə göndəriləcəyi ehtimalı çoxdur. Ermənistanın bir dövlət olaraq mövcudluğu sual altında qalacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar