SON XƏBƏRLƏR

Dağlıq Qarabağdakı xarici şirkətlər

2021.10.20, 07:36
Dağlıq Qarabağdakı xarici şirkətlər

Gunaz.tv
Dağlıq Qarabağdakı xarici şirkətlər Qənirə Paşayeva: "Onların Azərbaycanda fəaliyyətinə yasaq qoyulmalıdır" Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan bu ərazilərdəki təbii sərvətləri talamaqla məşğuldur. Bununla kifayətlənməyən ermənilər işğal altındakı Azərbaycan ərazilərində fəaliyyət göstərmək üçün xarici şirkətləri cəlb edirlər. Artıq Azərbaycanın işğal altında olan ərzilərdə fəaliyyət göstərən xarici şirkətlərin mövcudluğu fakta çevrilib. Etiraf edilməlidir ki, ermənilər həmin şirkətləri müxtəlif üsullarla Dağlıq Qarabağa cəlb edirlər. Müsahibimiz millət vəkili, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvu Qənirə Paşayevadır. ("OLAYLAR"İA) - Qənirə xanım, son zamanlar Ermənistan tərəfi bir sıra xarici ölkələrin nümayəndələrini Dağlıq Qarabağa dəvət etməkdə maraqlı görünür. Hətta işğal etdikləri ərazilərdə keçirdikləri tədbirlərə həmin ölkələrin rəsmi nümayəndələrini dəvət edirlər. Konkret olaraq Şuşada keçirilən paradda beynəlxalq təşkilatların və Ermənistanda fəaliyyət göstərən dövlətlərin səfirliklərinin nümayəndələri iştirak edirdi. Bunu separatçı rejimin tanıdılması istiqamətində atılmış addım hesab etmək olarmı? -Bu məsələnin üstündən xeyli müddət ötsə də onu diqqət mərkəzindən kənarda saxlamaq olmaz. Bu məsələnin bizim üçün ciddiliyi ondan ibarətdir ki, Ermənistanın yeni prezidenti Azərbaycan ərazilərinin işğal olunmasında, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. Serj Sərkisyan hakimiyyətə gələndə belə bir fikir səsləndi ki, o, bəlkə də Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibət ortaya qoya bilər. Ancaq biz əvvəlcədən bilirdik ki, belə düşüncələr yanlışdır, o indiyə qədər yeridilən siyasəti davam etdirəcək. Onun prezident seçildiyi ilk günlərdə verdiyi bəyanatlar, eləcə də Ermənistan qoşunları tərəfindən işğal olunmuş Şuşada keçirilən hərbi paradda iştirakı bir daha göstərdi ki, o, hansı xəttin davamçısıdır. Serj Sərkisyanın Şuşanın işğalı ilə bağlı keçirilən paradda iştirakı həm də Azərbaycan xalqının, dövlətinin heysiyyatına toxunmaq deməkdir. Belə bir günü bayram etmək və bununla bağlı tədbirə qatılmaq özü əslində insanlıqdan kənar bir addımdır. Bununla Ermənistanın yeni prezidenti bir daha göstərmiş oldu ki, o, işğalçı, təcavüzkar siyasətin daha radikal davamçısıdır. Bu baxımdan təbii ki, biz bu məqamı üstündən xeyli müddət keçməsinə baxmayaraq çox kəskin şəkildə ATƏT-in Minsk qrupuna, Minsk qrupuna həmsədrlik edən ölkələr və digər beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Bu məsələni elə kəskinliyi ilə qaldırmalıyıq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən artıq 17 il keçməsinə baxmayaraq, ötən müddət ərzində BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının münaqişənin həlli ilə bağlı məlum qətnamələri Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. Biz ATƏT-in Minsk qrupundan, eləcə də digər beynəlxalq təşkilatlardan tələb etməliyik ki, onlar Ermənistanı nəinki bu qətnamələri yerinə yetirməyə məcbur etsinlər, həm də bu ölkəni növbəti qeyri-konstruktiv addımlar atmaqdan çəkindirsinlər. Əgər dünya birliyi, beynəlxalq ictimaiyyət, konkret olaraq münaqişənin tənzimlənməsi məsələsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu nəhayət bu yöndə addımlar atmasa, Ermənistan-Azərbaycan münaqişəsinin dinc, danışıqlar yolu ilə həlli prosesi zərbə altına salınmış olacaq. Yəni Ermənistanın yeni prezidenti və rəhbərliyi öz addımları ilə danışıqlar prosesini zərbə altına qoyurlar ki, bu da nəinki Azərbaycan, bütövlükdə region və dünya üçün təhlükə deməkdir. Bununla yanaşı, bu prosesdə bir sıra dövlətlərin diplomatik nümayəndələrinin və səfirlərinin iştirakı bizim üçün yolverilməzdir. Bu həmin dövlətlər və onların təmsilçiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığı prinsipinin açıq-aşkar pozulması, tapdanması deməkdir. Həmin məqamın özü də bizim üçün ciddi narahatçılıq doğurur. - Azərbaycan dövləti bu istiqamətdə fəaliyyət göstərən dövlətlərə hansı adekvat reaksiya göstərməlidir? - İlkin olaraq ölkənin xarici siyasət idarəsi araşdırma aparmalıdır ki, hansı ölkələrin nümayəndələri orada iştirak edib. Bu araşdırmalar başa çatdıqdan sonra, yəni orada hansı ölkələrin diplomatik korpuslarının təmsilçilərinin iştirakı aydınlaşdırıldıqdan sonra Xarici İşlər Nazirliyi tərəfindən həmin ölkələrə rəsmi etiraz notası göndərilməlidir. Həmin dövlətlərə kəskin və ciddi şəkildə etiraz bildirilməlidir ki, Azərbaycan bu addımı öz ərazi bütövlüyünə qarşı ən azı hörmətsizlik kimi qiymətləndirir. Demək istəyirəm ki, bu məsələdə çox ciddi və sərt olmaq lazımdır. Biz ümumiyyətlə bəzi məsələlərlə bağlı işimizi daha da gücləndirməliyik. - Sizcə, hansı işlərin gücləndirilməsinə ehtiyac var? - Bildiyimiz kimi son vaxtlar bəzi xarici ölkələrin şirkətləri Ermənistan tərəfindən şirnikləşdirilərək Azərbaycanın işğal olunmuş ərazilərində iş qurmağa cəlb edilirlər. Daha doğrusu, ermənilərlə birlikdə işğal olunmuş ərazilərimizdəki yerüstü və yeraltı təbii sərvətlərimizi talamaqla məşğul olurlar. Mineral sularımızı daşıyıb aparırlar, meşələrimizi məhv edirlər, qiymətli ağaclarımızı qırıb xarici ölkə bazarlarına çıxarırlar və sair. Elə bilirəm ki, bu məqama da ciddi diqqət yetirməliyik və həmin xarici şirkətlər, onların arxasında dayanan ölkələrlə sərt davranmalıyıq. Mətbuatdan da məlum olduğu kimi turizm və digər sahələrlə məşğul olan bəzi xarici şirkətlər var ki, özlərinə aidiyyatı olmadığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini öz saytlarında Ermənistan ərazisi kimi göstərir. Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi və murdar kampaniya aparılır. Bundan başqa bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr çap edirlər. Buna misal olaraq Ukraynanın "Sada" şirkətini, Rusiyanın Bayraqşünaslıq və Heraltika Mərkəzini, Sərbəst Səyahətçilər Akademiyasını, Belarusun "Velkom-CSM" şirkətini və digərlərini göstərmək olar. -Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? -Mən bu məsələni dəfələrlə parlamentdə səsləndirmişəm və indi də o fikrimin üstündə qalıram ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparan, işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə iş quran xarici şirkətlərlə və şəxslərlə bağlı xüsusi bir qanun qəbul edilməlidir. Həmin qanunda göstərməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, yaxud həmin ərazilərdə fəaliyyət göstərən Ermənistan şirkətləri və ya ayrı-ayrı şəxslərlə əlaqə yaradan xarici qurumların Azərbaycanda fəaliyyəti yasaqdır. Yəni o şirkətlər heç zaman, gələcəkdə belə Azərbaycanda fəaliyyət göstərə bilməzlər. Nəinki o şirkətlər. hətta onların rəhbər şəxsləri başqa qurum yaratsalar belə, onların şirkətlərinin və özlərinin Azərbaycanda fəaliyyəti yolverilməzdir. Qanunda eyni zamanda göstərilməlidir ki, həmin şirkətlərdən hər hansı biri indiyə kimi Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstəribsə, onların da fəaliyyətinə xitam veriləcək. O xarici şirkətlər ki, Azərbaycanın ərazi bytövlüyünə qarşı təbliğat aparıblar, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar, kitablar, xəritələr çap edərək yayıblar, onların da Azərbaycanda fəaliyyətinə qadağa qoyulacaq. Onların Azərbaycanda satışda olan mallarına embarqo qoyulacaq. Qanun qəbul edildikdən sonra onu xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinə göndərməliyik. Bu qanunla onları yaxından tanış etməliyik ki, gələcəkdə həmin ölkələri işğalçı, separatçı rejimlə iş birliyi quran şirkətləri hansı aqibət gözləyir. Həmçinin mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparmış, işğalçı rejimlə əlaqə qurmuş, sərvətlərimizi talamış xarici şirkətlərin siyahılarını dərc etməliyik. Hesab edirəm ki, bu virtual dünyada, internet dünyasında Azərbaycan əleyhinə təbliğat aparan xarici şirkətlərin də araşdırılaraq üzə çıxarılması üçün hansısa bir qurum daxilində müəyyən qrup yaradılmalıdır. -Nüfuzlu beynəlxalq təşkilatların çıxardıqları qərarlara məhəl qoymayan Ermənistan belə bir qanunun qəbulu ilə xarici şirkətləri Dağlıq Qarabağa calb etməkdən çəkinəcəkmiğ -Hesab edirəm ki, biz bu qanunu qəbul etmiş olsaq, indiyə qədər Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparmış, hörmətsizlik nümayiş etdirmiş, separatçılarla iş birliyi qurmuş xarici şirkətlər və onların arxasında duran dövlətlər Ermənistanın cəhdlərinə baxmayaraq bir daha Azərbaycanla bağlı hər hansı xətaya yol verməzlər. Onu da nəzərdən qaçırmayaq ki, bu gün Azərbaycan regionun ən güclü, ən inkişaf etmiş, ən zəngin təbii ehtiyatları olan ölkəsidir. Belə olan tədqirdə bir çox xarici şirkətin marağındadır ki, onlar Azərbaycanda beynəlxalq qanunlara uyğun faliyyət göstərsinlər. Təbii ki, biz qeyd etdiyim addımları atmaqla gələcəkdə növbəti xoşagəlməz proseslərin qarşısını ala bilərik. Alim olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar