SON XƏBƏRLƏR

Danimarkadakı sui-qəsd planına görə, İranın Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb

2021.10.20, 07:36
Danimarkadakı sui-qəsd planına görə, İranın Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb

Gunaz.tv

 GünAzTV: Bir neçə gün əvvəl ETTELAAT-ın Danimarkadakı sui-qəsd planına görə, İranın Oslodakı səfiri Həsən Həbibullahzadə Norveç Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə, Norveç xarici işlər naziri İne Mari Erikson Soride noyabrın 1-də jurnalistlərə açıqlama verib.

 

Nazir bildirib ki, o İranın ölkəsindəki səfirini şəxsi kabinetinə çağıraraq, İran təhlükəsizlik qüvvələrinin Danimarka ərazisində müxalif iranlılara qarşı həyata keçirmək istədiyi terror planını nə qədər ciddiyə aldıqlarını bəyan edib: “Biz, Danimarkada baş verən bu məsələyə çox ciddi yanaşırıq və bu gün bununla bağlı İranın ölkəmizdəki səfirinə açıq və şəffaf bir mesaj verdik. Bu bizim üçün çox mühümdür və məsələnin nə qədər ciddi olduğunu İran tərəfinin diqqətinə çatdırdıq”.

 

Həmin gün, Norveçin baş naziri Erna Solberg də jurnalistlərə açıqlamasında İran xəfiyyə orqanlarının Danimarkada müxalif iranlılara qarşı hazırladığı sui-qəsd planına münasibətini bildirib. O deyib ki, İranın xarici bir ölkənin ərazisində kiməsə qarşı sui-qəsd planı hazırlayıb həyata keçirməsi qəbuledilməzdir: “Hesab edirik ki, bu çox ciddi məsələdir. Xüsusən də ki, sui-qəsdi həyata keçirmək istəyən şəxs, İran əsilli bir Norveç vətəndaşıdır. Bizim xarici işlər nazirimiz Norveçin təhlükəsizlik orqanlarından məsələ ətrafında mükəmməl məlumat alandan sonra İranın bu addımına rəsmi münasibət bildirəcək”.

 

Norveçin baş naziri Erna Solberg

 

Həmçinin Skandinaviya ölkələrinin rəhbərləri oktyabrın 31-də Norveçdə bir araya gələrək, İranın xəfiyyə orqanları əməkdaşlarının Danimarkada və Avropanın digər ölkələrində terrorçuluqla bağlı fəaliyyətini və onun qarşısının necə alınması yollarını müzakirə ediblər.

 

İsveçin “SVT” telekanalının yaydığı xəbərə əsasən, müzakirəyə qatılan İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya rəhbərləri, baş vermiş olayla bağlı birgə bəyanat yayaraq, İranın hazırladığı sui-qəsd planını pisləyiblər. Bəyanatda bildirilir ki, İranın Danimarka ərazisində terror planını həyata keçirməyə cəhd göstərməsi qəbuledilməzdir: “Biz böyük nigaranlıqla, Danimarkanın İran təhlükəsizlik orqanlarının bu terror planı haqda verdiyi məlumatları diqqətlə izlədik, barəsində danışıqlar apardıq. Biz, mövcud həssas şəraiti nəzərə alaraq Danimadrka və digər dostlarımızla həmrəy olduğumuzu bildiririk”.

 

Norveçdə bir araya gələn Skandinaviya ölkələrinin rəhbərləri

 

Xatırladaq ki, bir neçə gün əvvəl, Danimarkada mühacirətdə yaşayan iranlı müxalif fəallara qarşı sui-qəsd planı hazırlayan ETTELAAT əməkdaşı həbs edilib. Bu barədə Danimarka xarici işlər naziri Anders Samuelsen oktyabrın 30-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, İran xəfiyyə orqanlarının Danimarkada yaşayan “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Həbib Cəbrə qarşı sui-qəsd planı ifşa edilərək qarşısı alınıb və bununla əlaqədar İran xəfiyyə orqanları ilə əməkdaşlıq edən İran əsilli bir Norveç vətəndaşı həbs edilib. O, həbs edilən şəxsin adını açıqlamayıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar