SON XƏBƏRLƏR

Divarlara İbrahim Nurinin azadlığını tələb edən posterlər yapışdırılıb – Urmiyədə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Divarlara İbrahim Nurinin azadlığını tələb edən posterlər yapışdırılıb – Urmiyədə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Babək qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən Tehranda yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin azadlığa buraxılması tələb olunur.

 

Azərbaycanlı fəalın qanunsuz saxlanılmasına etiraz edən milli-mədəni fəallar Urmiyə şəhərində divarlara onun azadlığını tələb edən posterlər yapışdırıblar.

 

Rəngli posterlərdə İ.Nurinin görüntüsü əks olunub və “Hüquq üzrə öyrənci, azərbaycanlı milli-mədəni fəal  İbrahim Nuri təxminən 2 aydır ki, Evin (Tehran) zindanının 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır. İbrahim Nuri azad edilməlidir. Azərbaycan Milli Hərəkatı – Urmiyə” sözü yazılıb.

 

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara təzyiqlərələ bağlı avqustun 11-də geniş bir bəyanat yayıb. Bəyanatda İranda azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənilərək İ.Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

Azərbaycanlı öyrənci fəal iyulun 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ettelaat İdarəsinin nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb.

 

İ.Nuri saxlanılmadan bir neçə gün əvvəl, Ettelaat İdarəsi ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməklə bağlı xəbərdarlıq edib. Bildirilib ki, yürüşə qatılacağınız təqdirdə saxlanılacaqsınız.

 

Azərbaycanlı fəal saxlandığı gündən yalnız bir dəfə ailəsi ilə bir neçə saniyyəlik telefon əlaqəsi saxlayıb, bu müddətdə onunla görüşmək də mümkün olmayıb.

 

Məlumata görə, müstəntiq fəalın dosyesi ilə maraqlanan Fərəc Nuriyə qardaşının bu yaxınlarda azadlığa buraxılmayacağını deyib. Onun sözlərinə görə, İ.Nuri Ettelaat əməkdaşları tərəfindən dindirilir, ona görə də yaxın vaxtlarda sərbəst buraxılacağı gözlənilmir.

 

Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal son iki dosyesi ilə əlaqədar sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə toplam olaraq 16 ay həbs cəzasına məhkum edilib.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar