SON XƏBƏRLƏR

Dövlətin böhranları idarə etməkdə zəiflik göstərməsi əhalini narahat edir – Təbrizin millət vəkili

2021.10.20, 07:36
Dövlətin böhranları idarə etməkdə zəiflik göstərməsi əhalini narahat edir – Təbrizin millət vəkili

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili son günlərdə Qaradağ meşələrində baş verən geniş miqyaslı yanğının vaxtı-vaxtında söndürülməməsi və dövlətin laqeyd münasibəti nəticəsində 7 gün davam etməsinə etiraz bildirib.

 

“Nəsr” xəbər agentliyinin yaydığı məlumata görə, Əhməd Əlirzabeygi yanğınla bağlı məsuliyət daşıyan orqanları zəif idarəçilikdə günahlandırıb.

 

“Böhranlı günlərdə səlahiyyətli orqanların fəaliyyəti adi günlərlə fərqlənməlidir. Təbii Fəlakətlər İdarəsinin imkanlarından böhranı idarə etmək üçün istifadə olunmalıdır.

Bu ixtiyar dövlətin əyalətdəki ali nümayəndəsinə verilib. Qanunda ali nümayəndənin göstərişinə əməl etməyən istənilən şəxs üçün cəza da nəzərdə tutulub. Vali böhranlı şəraitdə silahlı qüvvələrin imkanlarını da istədiyi kimi istifadə edə bilər. Dövlətin ali nümayəndəsi böhranlı vəziyyətdə bütün səlahiyyətli məsullardan hesabat istəməlidir. Hesab eliyirım ki, dövlət orqanları Qaradağ meşələrində baş verən yanğını söndürmək üçün səfərbər olmalı idi.

Əhali böhranlı günlərdə dövlətdən fövqəladə iş və tədbir gözləyir, onlar dövlətin bu istiqamətdə zəiflik göstərmərindən narahat olur.”- deyə millət vəkili  bildirib.

 

Əhməd Əlirzabeygi Şərqi Azərbaycan Su və Təbii Qaynaqlar İdarəsinin yanğınla bağlı fəaliyyətsizliyini tənqid edərək bu barədə kənd təsərrüfatı nazirinə xəbərdarlıq ediləcəyini bildirib.

 

Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) millət vəkili su çiləyən helikopterlərin bölgəyə gec göndərilməsinə də etiraz edib. “Bu nə deməkdir ki, helikopterlər Təbii Qaynaqlar İdarəsinin borcuna görə bölgəyə göndərilməyib?!”- deyə o reaksiya verib.

 

Azərbaycanlı millət vəkili sözlərinin sonunda əyalətə aid Hummer iki mühərrikli dağ avtomobili, 3 helikopter və böhranı idarə etməkdə lazım olan digər avadanlıqların satılmasını da kəskin tənqid edib. “Bu avadanlıqların satılması əyaləti təbii fəlakətlər və böhranlarla mübarizədə zəiflədib. Bu imkanlar olsaydı, biz yanğını daha tez kontrola ala bilərdik.”- deyə Əhməd Əlirzabeygi vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar