SON XƏBƏRLƏR

Dünya Bankından yeni proqnoz: “İran iqtisadiyyatı daha da ağır vəziyyətə düşəcək”

2021.10.20, 07:36
Dünya Bankından yeni proqnoz: “İran iqtisadiyyatı daha da ağır vəziyyətə düşəcək”

Gunaz.tv

GünAz TV: Dünya Bankı ötən həftə yayınlanan son hesabatında 2019-2020-ci illərdə İran iqtisadiyyatının ardıcıl olaraq 2-ci il durğunluq yaşayacağı və iqtisadi inkişafının mənfi 7-8% olacağını proqnozlaşdırıb.

 

Qeyd edilən müddət ərzində illik inflyasiya həddinin 38%-i aşacağı, eləcə də İranda iqtisadi fəaliyyətlərin daha da azalacağı təxmin edilir. Proqnozda İranın iqtisadi artım tempinin də mənfiyə doğru gedəcəyi qeyd edilir.

 

Dünya Bankının əsaslandırmasına görə, İran iqtisadiyyatının getdikcə daha da geriyə getməsi və iflic olamasının əsas səbəbi xarici amillər səbəbindən neft və qaz satışının kəskin aşağı düşməsidir.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ilin noyabrında İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbi etməsi, eləcə də 2019-cu ilin may ayının 2-də bu sanksiyalarda istisna kimi qəbul edilmiş 8 ölkəyə tanınmış zamanı uzatmamsından sonra İranın qara qızıl ixracatı iflic vəziyyətə düşüb. Beynəlxalq Təşkilatların hazırladıqları hesabatlarda hazırda rəsmi Tehranın günlük 120 min bareldən az neft sata bildiyi qeyd edilir, hansı ki, bu rəqəm embarqolardan öncə gündəlik 2.6 milyon barel idi.

 

Dünya Bankı mövcud vəziyyəti neftdən başqa, ölkənin bank sektoru, petrokimya və əlvan metalurgiya kimi gəlirli sahələrinə qoyulmuş embarqolarla da əlaqələndirir və iqtisadiyyatın 2020-ci ilin sonuna qədər ondan əvvəlki iki il ilə müqayisədə 10% kiçiləcəyini proqnozlaşdırır.

 

Neftdən əldə edilən gəlirlərin kəskin şəkildə azalması İran hökumətinin dilindən də eşidilir. Ötən həftə dövlətin sözçüsü Əli Rəbii, eləcə də Büdcə Planlaşdırılması Təşkilatının sədri Məhəmməd Bağır Növbəxt qara qızıldan hasil olan dövlət gəlirlərinin azalmasına görə, gələn ilin büdcə layihəsindən neft gəlirlərinin çıxarılacağını bəyan etmişdilər.

 

Hesabatda qeyd edilənlərə əsasən, bank sektoruna qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən İran digər ölkələrlə başqa sektorlarda da ticari münasibətlər qura bilmir və bununla da neft gəlirinin azalmasını qeyri-neft sektorunun inkişafı ilə kompensasiya etmək iqtidarında deyil.

 

Dünya Bankının hazırladığı hesabatda İranda əmlak sektorunda yaşanan durğunluq da vurğulanıb. Ötən ay İranın Mərkəzi Bankı qiymətlərin kəskin yüksəlməsi səbəbindən Tehranda ev alışının ötən ilə nisbətən 73% azaldığını bildirsə də, Bank bu rəqəmi 78% göstərib.

 

 

Hesabatda həmçinin yaranmış ağır iqtisadi şəraitdə bəzi ərzaq məhsullarının 2-3 dəfə bahalaşdığı da qeyd edilib.

 

Dünya Bankı 2019-2020, həmçinin ondan sonrakı daha iki il ərzində İranın qara qızıl ixracatını gündəlik orta hesabla 500 min barel hesablamaqla, yenə də bu ölkənin iqtisadiyyatının göstərilən müddət ərzində böhranlı olacağını qeyd edib.

 

Yüksək inflyasiya həddi və Ümumi Daxili Məhsulun kəskin azalması öz növbəsində işsizliyin çoxalması və yaşayış xərclərinin yüksəlməsi kimi amillərlə kasıblıq həddini daha da yüksəldəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar