SON XƏBƏRLƏR

Sabiq iranlı deputatdan Azərbaycana sərsəm xəbərdarlıq: "Qərbin təşviqi ilə alovlandırılan bu odun tüstüsü onları kor edəcək”

2021.10.20, 07:36
Sabiq iranlı deputatdan Azərbaycana sərsəm xəbərdarlıq: "Qərbin təşviqi ilə alovlandırılan bu odun tüstüsü onları kor edəcək”

Gunaz.tv

 Öz açıqlamasında İranın regionda hərbi baxımdan guya bir fövqəldövlətə çevrildiyini deyən Əbülfəzl Həsən Beygi ölkənin şimal-qərb sərhədlərində baş verən son olaylara toxunaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yeni Osmanlı imperiyasını yaratmağa cəhddə günahlandırıb.


“Bu gün Ərdoğan Osmanlı imperiyasını yenidən bərpa etmək xülyasındadır. Lakin Ərdoğanın özü də bilir ki, öz ölkəsinin daxilində o təhlükəsiz deyil və əgər İran ona dəstək verməsəydi, bəlkə də Türkiyə indiyə qədər Amerika tərəfindən parçalanmışdı.


Hesab edirəm ki, İranın Azərbaycan Respublikası ilə sərhəd məsələsi ilə bağlı narahatlıqları və Azərbaycanın sionist rejimi ilə əməkdaşlıq etməsi məsələsi diplomatik yollarla həll edilməlidir. 


Əliyev bilməlidir ki, əgər bu yollar açılmasa gələcəkdə onlar üçün çoxlu problemlər yaranacaq”, -deyə keçmiş iranlı deputat  Əbülfəzl Həsən Beygi bildirib.


İran İslam Respublikasının müstəqilliyini qazanmasından sonra  Azərbaycan Respublikasına həmişə dəstək verdiyini iddia edən Həsən Beygi Azərbaycan rəhbərliyini təhdid edib:


“İran uzun illər Naxcıvana dəstək verib. Elə buna görə də hesab edirəm ki, onlar (azərbaycanlılar-red) bu gün nankor olmamalı və İsrail ilə Amerikaya aldanmamalı idilər. Çünki onların bu gün Qərbin təşviqi ilə alovlandırdığı odun tüstüsü sonunda onların özünü kor edəcək və özləri ziyan görəcəklər”.


Keçmiş iranlı deputat İran İslam Respublikası ilə Ermənistan arasında təhlükəsizlik məsələlərində birgə əməkdaşlıq aparmaq üçün hərbi bir müqavilənin bağlanmasını vacib və zəruri saydığını bildirib:


“İran inqilabının qələbə çalmasından sonra müxtəlif vasitələrlə islam respublikasına dəstək verən Ermənistanın bu gün öz təhlükəsizliyini qorumaq üçün İranın kömək və dəstəyindən bəhrələnməsi üçün bizdən gözləntiləri var. Çünki hərbi baxımdan zəifdir və zərbəyə məruz qala bilər" 


Sabiq deputat deyib ki, İran İslam Respublikası isə hazırda bu xüsusda beynəlxalq qanunlar çərçivəsinə və İran Silahlı Qüvvələrinin Baş Komandanının (Xamneyi-red) istəyinə uyğun olaraq, belə bir hərbi müqavilənin bağlanması üçün müzakirələrin aparılması məsələsini araşdırır.


"Hesab edirəm ki, belə bir müqavilənin imzalanmasının Ermənistana böyük xeyri ola bilər və İran İslam Respublikası da DAEŞ-ə (İŞİD-ə) qarşı mübarizədə digər ölkələrə yardım etdiyi kimi Ermənistanı da dəstəkləyə bilər”, -deyə İran parlamentinin keçmiş deputatı Əbülfəzl Həsən Beygi bu gün “Mehrnews” agentliyinə  açıqlamasında bəyan edib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar