SON XƏBƏRLƏR

Əhər prokurorluğu Evin zindanında saxlanılan İbrahim Nurinin müvəqqəti azadlığa buraxılmasına mane olub

2021.10.20, 07:36
Əhər prokurorluğu Evin zindanında saxlanılan İbrahim Nurinin müvəqqəti azadlığa buraxılmasına mane olub

Gunaz.tv

GünAz TV: İyulun 2-dən Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri avqustun 28-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq son vəziyyəti haqda məlumat verib.


Zindanın 209-cu korpusundan 4-cü bölümünə köçürüldüyünü bildirən fəal son dosyesi ilə bağlı 120 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını deyib. O əlavə edib ki, Əhər Şəhər Prokurorluğunun tələbi əsasında bundan əvvəl məhkum edildiyi 6 aylıq həbs hökmünün avqustun 28-dən icrasına başlanılıb.


Fəalın sözlərinə görə, o 209-cu korpusda 1 ay təknəfərlik kamerada, 25 gün isə ikinəfərlik məhbəsdə saxlanılıb. Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılan fəal “sistemi çökürtmək məqsədi ilə azərbaycanlı fəal Abbas Lisaninin sözdə rəhbərlik etdiyi bölücü və pantürkist “Çənlibel” qrupu ilə əməkdaşlıq etməklə islam cümhuriyyətinə qarşı təbliğat fəaliyyəti ilə məşğul olmaq”da günahlandırılıb.


Çərşənbə axşamı günündən icrasına başlanılan 6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyalarda İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.


Evin zindanının məsulları bildirib ki, dosyelər fərqli olduğu üçün İbrahim Nurinin 55 gün həbsxanada saxlanmasının onun 6 aylıq həbs cəzası ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunub ki, bu müddət onun icra olunmaqda olan hökmü, yəni 6 aylıq həbs cəzasından çıxılmayacaq.


Azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O həmin dosye ilə əlaqədar “ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.


Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılmasını pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar