SON XƏBƏRLƏR

Əhməd Davudoğlu: "İndiyə qədər Türkiyəni qarşısına alan heç bir dövlət bundan qazanclı çıxmayıb"

2021.10.20, 07:36
Əhməd Davudoğlu: "İndiyə qədər Türkiyəni qarşısına alan heç bir dövlət bundan qazanclı çıxmayıb"

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışında İsrailin beynəlxalq birlikdən, hücumda ölən və yaralananların ailələrindən üzr istəməsinin vacibliyini vurğulayıb.

Türkiyənin tələbi ilə keçirilən toplantıda Davudoğlu İsrailin qəbul olunmaz hərəkətindən sonra beynəlxalq istintaq başladılmasını, gəmilərin dərhal sərbəst buraxılmasını və Qəzzaya yardımı çatdırmalarının təmin olunmasını, İsrailin Qəzzadakı mühasirəsinə son verilməsini tələb edib.

Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumunun son dərəcə üzücü və faciəvi hadisə olduğunu, İsrailin BMT-nin yaradılmasından bu tərəfə oturuşmuş bütün dəyərləri tamamən heçə sayan son dərəcə ciddi cinayət törətdiyini qeyd edib.

İsrail hərbi qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan çoxmillətli və tamamən dinc qüvvəyə hücum etdiyini, bu hadisənin sahildən 72 dəniz mili uzaqlıqda yaşandığını deyən nazir İsrailin etdiklərinin vəhşilik və piratlıq olduğunu bildirib. "Bu, dövlət tərəfindən həyata keçirilmiş cinayətdir" deyən Davudoğlu heş bir arqumentin bu hücuma haqq qazandıra bilməyəcəyini, belə davranan bir dövlətin beynəlxalq birlikdə legitimliyini itirdiyini söyləyib.

Gəmilərdə 32 ölkədən 600 insanın olduğuna diqqət çəkən Davudoğlu yardım karvanında uşaqlara oyun meydançaları və tədris üçün vəsaitlər, süd tozu, tibbi avadanlıqlar aparıldığını, Qəzzada uşaqların nə qalacaq doğru-düzgün yerlərinin, nə təhsil almaq imkanlarının, nə də gələcəklərinin olduğunu vurğulayıb.

Nazir Türkiyənin BMT Təhlükəsizlik Şurasının bu vəziyyti ciddi şəkildə qınamasını, hücumun araşdırılmasını, məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etdiyini deyib: "Heç bir gəmi onun kapitanının icazəsi və ya gəminin daşıdığı bayrağın aid olduğu dövlətin izni olmadan durdurula bilməz. Humanitar yardımı düşməncəcinə hərəkət saymaq təhlükəli ağıl vəziyyətinin ifadəsidir. İsrailin bu hərəkəti legitim sayıla bilməz".

Türkiyənin musəvilərə yardım edən bir ölkə olduğunu xatırladan Davudoğlu gəmidəki vətəndaşların yəhudi, müsəlman və xristian dinlərini təmsil etdiklərini, bir "BMT modeli" təşkil etdiklərini, beynəlxalq birliyin vicdanını təmsil etdiklərini deyərək, bunun əslində BMT-yə hücum olduğunu söyləyib.

Hadisəni sonuna qədər araşdıracaqlarını vurğulayan nazir gəmidəkilərin silahlı olmadıqlarını deyib və tərəfsiz beynəlxalq istintaq tələb etdiklərini bildirib. O, bunun beynəlxalq birliyin məsuliyyəti olduğunu vurğulayıb.

Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasının toplantısından sonra "Türk evi"ndə mətbuat konfransı keçirib.

Türkiyənin yardım karvanının hazırlıqları əsnasında İsrail tərəfi ilə müxtəlif müzakirələr apardıqlarını və onlara təmkinli davranmağı təklif etdiklərini söyləyib: "Dinc və beynəlxalq xarakterı bu karvanın məqsədinin hər hansı şəkildə sapdırılmaması, bir insanlıq faciəsinə yol verilməməsi haqda xəbərdarlıq etmişdik. Ancaq təəssüf ki, bütün bu xəbərdarlıqlarımıza rəğmən İsrailin təhlükəsizlik qüvvələri bu gəmilərə müdaxilə ediblər və bunun nəticəsində də insan ölümləri və yaralanmalar olub".

Xarici işlər naziri müharibədə belə dinc insanlara qarşı bu cür hücumların edilmədiyini, İsrailin beynəlxalq hüquqa görə məsuliyyət daşıdığını vurğulayıb: "Şərqi Aralıq dənizi İsrailə aid dəniz deyil. Bu dəniz sahildəki bütün ölkələrə aiddir. İsrailin davranışı ən başda bu baxımdan cinayətdir. Bundan əlavə, dinc insanlara bu şəkildə hücum etmək müharibə zamanı belə qəbul edilə bilən davranış deyil. Müharibə zamanı belə mülki vətəndaşlara hücum edə bilməzsiniz, bu, legitim deyil. Nə Türkiyə, nə də beynəlxalq birliyin hər hansı bir hörmətli üzvü bu cinayət qarşısında səssiz qala bilməz. BMT Təhlükəsizlik Şurasının bütün üzvləri bu hücumu qınadıqları üçün çox məmnunam. İndi həm BMT-dən, həm də Təhlükəsizlik Şurasından bu hadisəni araşdırmaq üçün beynəlxalq tərəfsiz komissiya qurulmasını istəyirik. Bu, bizim haqqımızdır".

Türkiyənin bu məsələ ilə bağlı beynəlxalq səylərinin davam edəcəyini deyən Davudoğlu qeyd edib ki, bu olay Qəzzadakı mühasirənin nə qədər böyük risk daşıdığını, regional sülhü nə qədər təhdid etdiyini ortaya qoyub: "Qəzzanı gettoya çevirən bu mühasirənin dərhal qaldırılmasını gözləyirik. Bütün ölkələri də bu istiqamətdə həmrəyliyə dəvət edirik. Bu, yalnız Türkiyə ilə İsrail arasında deyil, İsrail ilə beynəlxalq birlik, İsrail ilə beynəlxalq vicdan arasındakı bir problemdir".

Nazir Türkiyənin özünü müdafiə haqqının olduğunu deyib və "İsrail Orta Şərqdəki bu qədər qarışıq vəziyyətrə Türkiyəni nə üçün qarşısına aldı" sualının cavabında bunları söyləyib: "Bunu İsrail rəsmilərinə söyləməniz lazımdır. Amma bu ana qədər Türkiyəni qarşısına alan heç bir dövlət bundan qazanclı çıxmayıb. Bunun da bilinməsi lazımdır".

İsraillə münasibətlərin bundan sonrakı durumuna gəlincə, Davudoğlu deyib ki, Türkiyə prinsiplərə və sülhə əsaslanan xarici siyasət yürüdür: "Kim sülhə xidmət etsə, onunla əməkdaşlıq edəcəyik. Kim sülhü təhdid etsə,dinc vətəndaşlara güc tətbiq etsə, onun qarşısında olacağıq". TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar