SON XƏBƏRLƏR

Əhmədinejad axund Laricanini “qəsbkar” adlandıraraq onu istefaya çağırıb

2021.10.20, 07:36
Əhmədinejad axund Laricanini “qəsbkar” adlandıraraq onu istefaya çağırıb

Gunaz.tv

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dekabrın 19-da yaydığı yeni bir video-çarxda İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini “qəsbkar” adlandıraraq onu tutduğu vəzifədən istefaya çağırıb.

 

Əhmədinejad bildirib ki, ona və onun yaxın adamlarına irəli sürdüyü ittihamları sübut etmək üçün axund Laricaniyə verdiyi 48 saat vaxt başa çatıb: “İran konstitusiyasının 156-cı bəndində qeyd edilib ki, Məhkəmə Sisteminin rəisi ədalətli bir müctəhid olmaqla yanaşı həm də məhkəmə işlərindən başı çıxan bir şəxs olmalıdır. Halbuki bizim Məhkəmə Sisteminin rəisi ən böyük günahlar işlətməklə, ayrı-ayrı pak insanlara qarşı əsassız böhtanlar ataraq onların abrısını tökür və bu kimi əməllərini həmişə davam etdirir. Belə olduqda isə bu şəxsin ədalətsiz bir şəxs olduğu və onun başçılıq etdiyi bu qurumda nələrin baş verdiyi hamıya bəlli olur.

 

İnsanların Məhkəmə Sistemi rəsmilərinin zülmündən fəryadı hər yerə yayılıb. Laricani, bu vəzifəni tutduğu müddətdə dəfələrlə göstərib ki, onun məhkəmə işlərindən heç bir səriştəsi yoxdur və mütəmadi olaraq haqq və ədalətə qarşı çıxaraq onu tapdalayır. Məhz buna görə də hesab edirik ki, Məhkəmə Sisteminin rəisi, ölkə konstitusiyasını ardıcıl pozduğuna, başqalarına qarşı atdığı əsassız iftira və böhtanlara və ardıcıl olaraq kimlərə qarşı yol verdiyi ədalətsizliyə görə səlahiyyəti olmayan legitimsiz bir qəsbkardır və tutduğu vəzifədən istefa verməlidir.

 

Bu gün, bizim kimlərin fitnəkar və azğın olub-olmadığını deməyə, kimlərin dövlət əmlakını mənimsəyib maddi fırıldaqçılıqla məşğul olduğunu ifşa etməyə haqqımız var. Bundan başqa, xalq bu şəxsdən narazıdır və onu bu vəzifədə görmək istəmir. Mən isə üzümü İran Məhkəmə Sisteminin rəisinə tutub deyirəm ki, xalq səni istəmir və yaxşısı budur ki, tutduğun bu vəzifədən istefa verəsən. Bəlkə bu yolla xalq sənin günahlarından keçər”.

 

Əhmədinejad, dekabrın 17-də yaydığı bir video-çarxda, ona və onun komandasına qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə 48 saat vaxt vermişdi. Əhmədineja demişdi ki, əgər Laricani irəli sürdüyü ittihamları sübut edə bilməsə, onun 8 ildə tutduğu vəzifədən necə sui-istifadə etdiyini və həmin müddətdə gördüyü bütün qanunsuz işlərini ifşa edəcək. O, Laricanini öz vəzifəsindən sui-istifadə etməkdə, ölkənin ana yasasına və mövcud qanunlarına riəayət etməməkdə günahlandırmışdı: “Məhkəmə Sistemi islah olunsa, ölkə də islah olunacaq və bir çox problemlər öz həllini tapacaq”.

 

                                         İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani

 

Xatırladaq ki, axund Laricani dekabrın 13-də tələbələrlə görüşündə, Əhmədinejadı və onun prezidentliyi dövründə vəzifə tutmuş yaxın adamlarını “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandıraraq, onları, başçılıq etdiyi quruma qarşı ittihamlar yağdırmaqda və Məhkəmə Sistemini zəiflətməkdə günahlandırmışdı.

 

Qeyd edək ki, son aylar keçmiş prezident Mahmud Əhmədinejad və ona yaxın adamlar, İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini və onun qardaşlarını tutduqları vəzifədən sui-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə və oğurluqda günahlandırırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar