SON XƏBƏRLƏR

Tehran bundan sonra bölgədə "dəcəl dövlət" rolunu oynaya bilməyəcək

2022.12.20, 10:42
Tehran bundan sonra bölgədə "dəcəl dövlət" rolunu oynaya bilməyəcək

Gunaz.tv

İran və Səudiyyə Ərəbistanı Krallığı arasında danışıqların uğursuzluqla sona çatması “Bərcam” kimi tanınan nüvə sazişinin dirçəldilməsi ilə bağlı ümidlərin bitməsi deməkdir.

Ər-Riyadın Vaşinqton hakimiyyətini İranın Səudiyyə Ərəbistanına hücum etmək niyyətində olduğu barədə məlumatlandırdığından sonra bu danışıqlar krallıq tərəfindən dayandırılıb.

Bu danışıqlara ev sahibliyi edən İraqda baş verən proseslər, İrana bağlı qüvvələrə qarşı münasibətin dəyişməsi və bu ölkədə İranın siyasi-ideoloji dayaqlarının zəifləməsi də qeyd olunan danışıqların dayandırılması üçün başqa amil hesab edilə bilər.

Bununla yanaşı xüsusilə son iki ay ərzində Avropa ölkələrinin mövqeləri ilə Amerikanın Tehranla bağlı mövqeyi arasında oxşarlıqlar artıb və bu Avropa-Amerika tərəfindən İrana qarşı “tətik mexanizmi”nin işə düşməsi ehtimalını daha da artırıb.

Hazırda ölkənin əksər əyalətlərində davam edən etiraz aksiyaları, Tehran hakimiyyətinin etirazçılara qarşı sərt repressiyaları qərb ölkələrinin əlinə İranı daha çox sıxışdırmaq üçün tutarlı faktlar verib.

BMT İnsan haqları Şurası və Amerika ilə yanaşı Avropa Birliyinə üzv ölkələrin hakimiyyətləri, parlamentləri və Avropa Şurasının İran hökumətinin insan haqları pozuntuları ilə bağlı qəti addımları Tehran hakimiyyətinin bu ölkələrlə siyasi sövdələşmə imkanlarının məhdudlaşdığını göstərir.

Eyni halda Azərbaycan Respublikasının Tehran rejiminin 30 ildir davam edən qeyri-dost münasibətinə təmkinli, ehtiyatlı davranışında ciddi dəyişikliyin olması, İranda yaşayan azərbaycanlıların milli hüquqlarının pozulması barədə rəsmi Bakının bəyanatlar səsləndirməsi artıq İranın bölgədə "dəcəl" ölkə rolunda çıxışına göz yumulmayacağına işarə edir.

Ölkə daxilində aksiyalar, iqtisadi böhran, hakimiyyət daxili zidiyyət və parçalanmaların çoxalması ilə eyni vaxtda artan beynəlxalq təzyiqlərin qarşısında duruş gətirmək üçün Tehran rejimini dərin problemlərlə üzləşən Rusiyanın dəstəyinin xilas edəcəyi inandırıcı deyil.

Cavidan Elbars

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar