SON XƏBƏRLƏR

Tehranda qeyri-fars adlarına yasaq qoyuldu-Polis rəisindən xəbərdarlıq

2021.12.06, 07:26
Tehranda qeyri-fars adlarına yasaq qoyuldu-Polis rəisindən xəbərdarlıq

Gunaz.tv

Tehran polisinin rəsmisi paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lor kimi qeyri-fars dillərdən istifadə etmək yasaq olduğunu deyib. 

Polkovnik Nadir Muradi deyib ki, Tehranda ticarət obyektlərinin adı mütləq fars dilində olmalıdır.

“İş yerləri və ticarət obyektləri üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İrşad və Mədəniyyət Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır"-deyə, polkovnik bildirib.

Polis rəisi deyib ki, paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lor kimi məhəlli dillərdən istifadə etmək yasaq və qanuna ziddir. 

"Polisə göndərilən təlimata görə, iş yerləri məhəlli dillərə mənsub adlardan sadəcə o dillə əlaqədar olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər"-deyə, o, bildirib.

İran dövlətinə bağlı Ümumi Mədəniyyət Şurasının göstəricilərinə görə Tehran vilayətində əhalinin 30 faizdən çoxunu türklər təşkil edir.
Güney Azərbaycanı və Tehranda bəzi ailələr uşaqlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalırlar.

Polkovnik Nadir Muradi qeyri-fars adlarına qadağanın geniş narazılıq doğurduğunu görəndən sonra bu barədə verdiyi ilk açıqlamanı təkzib edib.

O, bildirib ki, sosial mediada yayınlanan məlumat yanlış anlaşılıb və Tehranda yaşayan obyekt yiyələri özlərinin “yerli ləhcə”lərində obyekt adı seçməkdə azaddırlar.

Bundan öncə oktyabr ayının 25-də İranın İslami İrşad və Mədəniyyət naziri Məhəmmədmehdi İsmaili fars dili, ədəbiyyatı və mədəniyyətindən geniş və düzgün istifadə edilməsi ilə bağlı yeni tədbirlərin görülməsi barədə sərəncamlar verildiyini deyib.

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən toplantıda nazir fars dilindən istifadədə yanlışlığıa yol verən şəxslər, şirkətlər və qurumlara xəbərdarlıq sisteminin hazırlandığını bildirib.

Fars dilinin olduqca önəmli olduğunu vurğulayan nazir ondan daha geniş və düzgün istifadə edilməsi üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini qeyd edib.  

Həmin toplantıda İran boyu bütün şəhər bələdiyyələrinin bu məsələ iıə bağlı yeni tədbirlər görməsi istənilib.

Bundan sonra noyabrın 2-də Tehran bələdiyyəsinin başçısı Əlirza Zakani fars dili və Ədəbiyyatı üzrə yeni vəzifə təsis edib Mürtəza Əmiri İsfəndəqə adlı şəxsi özünün bu sahədəki xüsusi köməkçisi seçib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar