SON XƏBƏRLƏR

Əli Xamneyi fars dilinin gələcəyindən nigaranlığını bildirib: “Qoymayın bu dil məhv olmağa doğru getsin...”

2021.10.20, 07:36
Əli Xamneyi fars dilinin gələcəyindən nigaranlığını bildirib: “Qoymayın bu dil məhv olmağa doğru getsin...”

Gunaz.tv

GünAz TV: İranın ali dini rəhbəri Əli Xamneyi fars dilinin gələcəyi ilə bağlı öz nigaranlığını bildirib.

 

O bu barədə ölkənin fars dili şairləri ilə keçirdiyi bir tədbirdə çıxış edib.

 

Şairləri islam və İran inqilabı haqda şeir deməyə təşviq edən Əli Xamneyi Sədi, Firdosi və Mevlana kimi şairlərin əsərlərini onlara nümunə kimi göstərib.

 

İran rəhbəri söhbəti zamanı bildirib ki, millətin (Əli Xamneyi millət deyəndə İran əhalisini qəsd edir) kimliyini qoruyub saxlamaq çox mühüm məsələdir. Ona görə ki, kimliyini itirən bir millət əcnəbilər tərəfindən əriyib məhv olmağa məcburdur.

 

O söhbətinin digər hissəsində fars dili haqda öz nigaranlığını dilə gətirib.

 

“Mən fars dili ilə əlaqədar həqiqətən nigaranam. Ona görə ki, ümumi gedişatda fars dili tədricən aradan getməkdədir.

Mən Teleradio Şirkətindən gileyliyəm. Meyar səviyyəsində olan düzgün və cilalanmış dil təbliğ olunmaq yerinə bəzən kimliksiz dil, yanlış təbirlər və ən önəmlisi xarici ifadələr təbliğ olunur. Bir tərcüməçinin hansısa qərbdən gələn ifadəsini və ya bir yazıçını televiziyada təqdim etmək, əslində o kələmənin ümumiləşməsi və dilin ziyanlı sözlərə bulaşıb çirklənməsi ilə nəticələnir”- deyə Əli Xamneyi bildirib.

 

İranın dini rəhbəri mətbuatda xarici sözlərin həddindən artıq istifadə olunmasını qınayaraq səlahiyyətli məsullara xitabən vurğulayıb ki, icazə verməyin fars dili tədricən köhnəlib məhv olmağa düçar olsun.

 

Əli Xamneyi fars dilinin qorunub saxlanması üçün şairlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq onlara bir çox tövsiyyələr edib.

 

Qeyd edək ki, İranın aili dini rəhbəri Əli Xamneyi ölkədəki millətlər və onların milli hüquqları ilə bağlı məsələlərdən zahirdə uzaq durmağa çalışır. Buna baxmayaraq vaxtaşırı fars dilinin qorunub saxlanması və onun gücləndirilməsi istiqamətində müəyyən tövsiyyələr edir, dilin gələcəyindən nigaranlıq hissi keçirdiyini dilə gətirir. İranda fars dilinin keşiyində Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi və Sədi Fondu kimi çox sayda qurumun durmasına baxmayaraq ölkə rəhbərliyi davamlı olaraq bu dilin güclənməsini vurğulayır və bu istiqamətdə külli miqdarda büdcə vəsaiti xərcləyirlər. Türk dili və ədəbiyyatının məktəblərdə sadəcə bir dərslik kimi tədris olunmasına qadağa tətbiq edənlər də həmin şəxslərdir. Onlar bu istiqamətdə hətta ölkə konstitusiyasının 15-ci maddəsini icra etməkdən belə imtina edirlər. Fars dilinin dövlət tərəfindən yüksək səviyyədə dəstəklənməsi, türk dilinin isə dövlət zərbəsi altında olması ölkədə bir çox mədəni problemlərə səbəb olub, Güney Azərbaycanda gedən bir çox ictimai-siyasi məsələlərin kökündə məhz bu məsələ dayanır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar