SON XƏBƏRLƏR

Əmir Səttari aclıq aksiyasının 7-ci günündə Təbriz zindanının məsulları tərəfindən döyülüb

2021.10.20, 07:36
Əmir Səttari aclıq aksiyasının 7-ci günündə Təbriz zindanının məsulları tərəfindən döyülüb

Gunaz.tv

GünAz TV: Təbrizin mərkəzi zindanında aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülüb.

 

Bir həftə əvvəl aclığa başlayan fəal iyunun 16-da həbsxana məsullarının qəzəbinə tuş gələrək döyülüb. Bu xəbər fəalın ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

 

Etibarlı mənbədən aldığımız məlumata görə, aclıq aksiyası keçirməkdə olan fəal zindanın xüsusi bölümünə köçürüldükdən sonra iyunun 16-da təhdid edilib və döyülərək təknəfərlik kameraya aparılıb.

 

Əmir Səttari iyunun 10-dan aclıq aksiyasına başlayıb. O ötən həftə bir səs faylı yayaraq hansı səbəbdən aclığa başladığını bildirib.

 

Fəal “dosyesində olan iradlar və məhkəmə prosesinin ləngiməsi”nə etiraz olaraq aclıq etdiyini deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

 

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

 

Əmir Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar