SON XƏBƏRLƏR

Əmir Səttari Rəuf Kərəcin Rəcayişəhr zindanına köçürülüb

2021.10.20, 07:36
Əmir Səttari Rəuf Kərəcin Rəcayişəhr zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf quru aclıq aksiyasına başladıqdan sonra Təbrizin Mərkəzi Zindanından Kərəcin Rəcayişəhr zindanına köçürülüb.

 

Fəal iyunun 19-da, aclıq aksiyasının 10-cu günündə Ettelaat İdarəsinin qərarı ilə Rəcayişəhr zindanına intiqal edilib.

 

Aclıq edən güney azərbaycanlı fəalların Rəcayişəhr zindanına köçürülməsi faktına bundan əvvəl də rast gəlinib.

 

Əmir Səttari Rəuf Təbrizin Mərkəzi Zindanında başlatdığı aclıq aksiyasının 8-ci günündə “quru aclıq aksiyası”na keçdiyini bildirib.

 

Fəalın ailə üzvləri onun vəziyyəti ilə bağlı məlumat almaq üçün şəhər prokurorluğu və Təbriz zindanına müraciət ediblər. Onlar aldıqları məlumata əsasən fəalın quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləyib.

 

Bundan əvvəl bir qrup güney azərbaycanlı mədəni fəal İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq zindan məsullarının bu hərəkətini kəskin şəkildə qınayıb və fəalın dosyesinə yenidən baxılmasını tələb ediblər.

 

İyunun 10-da aclığa başlayan fəalın sağlıq durumunun ağır olduğu bildirilir. O yeni məhkəmə işinin açılması ilə nəticələnən dosyesindəki iradlar və müdaxilələrə etiraz olaraq aksiyaya başlayıb. Məlumata görə, fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Məhkəmənin yeni hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

 

Fəal aksiyasının 3-cü günündə bir səs faylı yayaraq təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxilə etməsinə etiraz olaraq aclığa başladığını bildirib. O təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu vurğulayıb. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar