SON XƏBƏRLƏR

Emmanuel Makron: “Trampla Ruhaninin görüşü üçün şərait hazırdır”

2021.10.20, 07:36
Emmanuel Makron: “Trampla Ruhaninin görüşü üçün şərait hazırdır”

Gunaz.tv

GünazTV: Avqustun 26-da G-7 qrupuna üzv ölkə başçılarının Fransanın Biarritz şəhərində keçirilən toplantısına qatılan prezident Emmanuel Makron amerikalı həmkarı Donald Trampla keçirdiyi birgə mətbuat konfransında çıxış edərək Trampla Həsən Ruhaninin mümkün görüşündən danışıb.

 

Öz çıxışında Trampla Ruhaninin görüşməsi real zəmin yarandığını bildirən Makron deyib ki, o qarşıdan gələn həftələrdə İranla Amerika prezidentlərinin bir-biri ilə görüşəcəyinə ümid edir: “Trampla Ruhaninin görüşü üçün artıq şərait hazırdır və bu görüşün baş tutması üçün danışıqlar aparılır.  Ümid edirəm ki, biz gələn həftələrdə bu görüşün baş tutmasının şahidi olacağıq. Biz, G-7 toplantısında İran məsələsini müzakirə etmişik. Bizim üçün əsas iki şey çox önəm daşıyır: İran heç vaxt nüvə silahına yiyələnməməli və mövcud şəraitdə hər hansı bir vasitə ilə bölgənin sabitliyini təhdid etməməlidir.

 

Bütün bunlara baxmayaraq, deyə bilərəm ki, hələlik heç bir şey qəti deyil. Vəziyyət hələ də kövrəkdir. Lakin məsələnin texniki detalları barədə danışıqlara başlanılıb və danışıqlarda müəyyən irəliləyişlər də olub” –deyə Fransa prezidenti Emmanuel Makron əlavə edib.

 

Mətbuat konfransında həmçinin Amerika prezidenti çıxış edərək deyib ki, o gələn bir neçə həftədə İran prezidenti Həsən Ruhani ilə görüşü real hesab edir: “Mənim yaxşı bir hissim var. Əgər dediklərimi başa düşsəniz, onlar (İran rəhbərləri) oyunu yaxşı olmalıdırlar. Lakin onlar artıq etmək istədiklərini bir daha həyata keçirə bilməyəcəklər. Çünki əgər bunu etsələr, həqiqətən də çox qəzəbli bir güclə qarşılaşacaqlar. Məhz buna görə də hesab edirəm ki, onlar oyunu yaxşı oynamalıdırlar” –deyə ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

 

Xatırladaq ki, avqustun 26-da İran prezidenti Həsən Ruhani qatıldığı bir tədbirdə etdiyi çıxışında Trampın adını çəkməsə də, onunla görüşə biləcəyinə eyham vurub. Ruhaninin açıqlaması, Trampla Makronun birgə mətbuat konfransında səsləndirdikləri fikirlərdən bir neçə saat əvvələ təsadüf edib.

 

 

Ruhani deyib ki, o xalqın mənafeyi naminə istənilən şəxslə görüşüb danışıqlar aparmağa hazırdır: “Əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram. Daha doğrusu, əgər bilsəm ki, bir toplantıya getsəm, orda bir nəfərlə görüşsəm, nəticəsi ölkənin inkişafı və xalqın problemlərinin həlli olacaq, mən bunu etməyə hazıram”-deyə İran prezidenti vurğulayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar