SON XƏBƏRLƏR

Ərakın “Azərab” şirkətinin işçiləri etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Ərakın “Azərab” şirkətinin işçiləri etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAz TV: Ərakın “Azərab” şirkətinin işçiləri ardıcıl olaraq 2 gün müəssisənin səhmdarlıq məsələsinin araşdırılması tələbilə etiraz aksiyası keçiriblər.

 

Əməkdaşlar aksiyaları əsas etibarilə əmək təhlükəsizliyinin olmaması, istehsal potensialının azalması, eləcə də şirkətin səhmdarlığı və idarə heyəti barədə yekun qərarın olmaması səbəblərinə görə təşkil ediblər.

 

İşçilərin sözlərinə görə, məsulların Kənd Təsərrüfatı Bankının “Azərab” şirkətində sahib olduğu səhmlərin ləğv ediləcəyilə bağlı verdikləri vədlərə baxmayaraq, bu hal baş verməyib və hələ də şirkətin səhmdarlıq statusu qeyri-müəyyən olaraq qalıb.

 

İşçilər həmçinin müəssisənin İranın Sənayenin İnkişafı və İnnovasiyası Təşkilatının balansına qaytarılmasını, eləcə də ötən 2 ay ərzində gecikdirilmiş əməkhaqlarının ödənməsini tələb ediblər.

 

Qeyd etmək lazımdır ki, bundan öncə də müəssisənin əməkdaşları bir neçə dəfə oxşar tələblərlə etiraz aksiyaları keçiriblər. Ötən ay keçirilmiş etirazlardan sonra İranın sənaye, ticarət və mədən naziri Əraka səfər etmişdi. Nazirin və icra hakiminin də iştirakı ilə keçirilmiş toplantı zamanı “Azərab” şirkətinin idarə heyətinin 48 saat ərzində dəyişdirilməsi və 10 günə qədər Kənd Təsərrüfatı Bankının müəssisənin səhmdarları sırasından çıxarılmasıyla bağlı qərar qəbul edilmişdi. Lakin əməkdaşlar bildirirlər ki, 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, sadalanan dəyişikliklər əməli olaraq reallaşmayıb.

 

Xatırladaq ki, əmək təhlükəsizliyinin olmaması, əməkhaqlarının verilməməsi və ya azlığı, eləcə də yarıtmaz idarəetmə sistemi kimi səbəblərə görə, ötən aylar ərzində İranın bir çox bölgələrində müxtəlif sahələrdən olan insanlar etiraz aksiyaları keçiriblər. Buna baxmayaraq, İran prezidenti Həsən Ruhani bir neçə gün öncə iddia etmişdi ki, sanksiyalardan sonra yaranan vəziyyət “xalqın daha da xoşbəxt və güclü olmasına səbəb olub”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar