SON XƏBƏRLƏR

Ərdəbil Əyalətində 3300 elat-əşayir ailəsi içməli su təchizatından məhrumdur

2021.10.20, 07:36
Ərdəbil Əyalətində 3300 elat-əşayir ailəsi içməli su təchizatından məhrumdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bir çox bölgəsində yaşayan elat-əşayir tayfalarının sosial-məişət problemləri bitib tükənmək bilmir.

 

Son məlumata görə, Ərdəbil Əyalətinin minlərlə əşayir ailəsi içməli su sıxıntısı yaşayır. Bu barədə keçirdiyi mətbuat konfransında danışan Ərdəbil Əyaləti Əşayirlərin İşləri üzrə Təşkilatın rəisi Mərifət Azəri təmsil etdiyi əyalətdə əşayir tayfalarının su problemindən söz açıb.

 

“Ərdəbildə 148 qışlaq və 3300 əşayir ailəsi içməli su təchizatından məhrumdur. Bu məntəqələrə tankerlərlə su daşıyaraq problemi aradan qaldırmağa çalışırıq. Ötən il bu iş üçün 8 su tankeri nəzərdə tutulmuşdur. Bu il tankerlərin sayı 17-yə çatdırıldığı üçün ailələrin su problemi müəyyən qədər öz həllini tapıb. Bu məntəqələrdə bəzi hallarda mineral sular əhali arasında pulsuz paylanılır.”- deyə o bildirib.

 

Elat-əşayir tayfalarının əsas problemlərinin quraqlıq, yem və mal-qaranın az olması, heyvan xəstəlikləri, mövsümə uyğunə köç etmək üçün münasib yolların olmaması, dərman ehtiyacları və içməli su sıxıntısından ibarət olduğunu deyən Mərifət Azəri Ərdəbil Əyalətində yaşayan əşayirlərin sayını da açıqlayıb.

 

Onun sözlərinə görə, Ərdəbil əşayirləri Qardağ və Şahsevən ellərinə mənsubdur. Onlar əyalət əhalisinin 5.4 faizini təşkil edir. 12 min 800 ailədən ibarət olan Ərdəbil əşayirlərinin 66 min 500 nəfər əhalisi var. Onlar 570 qışlaq, 237 yaylaq və 507 kənddə yaşayır.

 

Qeyd edək ki, elat-əşayir tayfalarının əksəriyyəti Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində yaşayır. Bu türk tayfası özünəməxsus həyat tərzi ilə məşhurdur. Onların Ərdəbil Əyalətində sayı son iki onillikdə 30 faiz azalıb. Ərdəbil rəsmiləri bunu əşayirlərin gəlirinin az olması ilə izah edir. Əşayirlər bir çox iqtisadi problemlə üz-üzə qaldıqları üçün doğma vətənlərini tərk edərək müxtəlif şəhərlərə üz tuturlar.

Xatırladaq ki, Ərdəbil Əyalətində yaşayan əşayirlərin sayı barədə müxtəlif rəqəmlər açıqlanır. Ötən il əyalətdə 80 min nəfərdən çox olan 15 min əşayir ailəsinin yaşadığı bildirilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar