SON XƏBƏRLƏR

“Ərdəbil Əyalətində kənd əhalisi və fəhlələr yoxsulluq səviyyəsindən aşağıda yaşayır”

2021.10.20, 07:36
“Ərdəbil Əyalətində kənd əhalisi və fəhlələr yoxsulluq səviyyəsindən aşağıda yaşayır”

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətinin İqtisadiyyat və Maliyyə İşləri üzrə Baş İdarəsinin rəisi təmsil etdiyi əyalətdə kənd əhalisi və günəmuzd işləyən fəhlələrin ağır məişət şəraitində yaşadıqlarını bildirib.

 

Haşim Müzəffəri dekabrın 10-da “Ərdəbildə sərmayə yatırmaq xidmətləri” mövzusunda keçirilən tədbirdə çıxış edərkən bu məsələyə toxunub.

 

“Ərdəbil Əyalətində günəmuzd işləyən fəhlələr və kənd əhalisi yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Statistik məlumata görə, Ərdəbil şəhərinin həndəvərində qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan sakinlərin gəliri yoxsulluq səviyyəsindən aşağıdadır. Vəziyyəti yaxşılaşdırmaq üçün hazırda əyalətin iqtisadi baxımdan zəif və məhrum məntəqələrində sərmayə yatırmağa cəhd göstərilir”- deyə o bildirib.

 

Haşim Müzəffəri əlavə edib ki, parlamentin araşdırmalar mərkəzinin elan etdiyi yoxsulluq səviyyəsi rəqəminə görə, Ərdəbil Əyalətində cəmiyyətin müəyyən hissəsi yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Lakin hökumət işçiləri və rəsmi şirkətlərin daimi işçilərinin maaşı yoxsulluq səviyyəsindən yuxarıdadır. Bu məsələ nisbidir, dəqiq statistik məlumat vermək üçün əyalət əhalisinin gəliri ayrı-ayrılıqda hesablanmalıdır.

 

İqtisadiyyat və Maliyyə İşləri üzrə Baş İdarənin rəisi bildirib ki, maaşı 1 milyon 100 min tüməndən aşağı olanlar yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Haşim Müzəffəri məhz bu meyarla hökumət işçiləri və şirkətlərdə çalışan fəhlələrin yoxsulluq səviyyəsindən yuxarıda yaşadıqlarını bildirib.

 

Qeyd edək ki, hökumət rəsmisinin açıqladığı 1 milyon 100 min tümən, hazırkı məzənnə ilə 100 dollar belə etmir, ölkədə isə bahalıq günü-gündən artır. Ağır məişət şəraiti cəmiyyətdə depressiya, cinayət hadisələri, intihar, boşanma halları və s. kimi fərdi və ictimai problemlərin artmasına səbəb olmaqdadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar