SON XƏBƏRLƏR

Ərdəbildə xeyriyyəçi soydaşlarımız 12 məktəb tikdirir

2021.10.20, 07:36
Ərdəbildə xeyriyyəçi soydaşlarımız 12 məktəb tikdirir

Gunaz.tv

GünAz TV: Bundan əvvəl Güney Azərbaycanın bütün bölgələri, o cümlədən Ərdəbil Əyalətində dərs otaqlarının çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olduğu barədə dəfələrlə xəbər yayılıb.

 

Məlumata görə, bu problem Ərdəbil Əyalətində qismən də olsa, öz həllini tapacaq. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olacaq.

 

Bu barədə Ərdəbil Əyaləti Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchiz edilməsi işləri üzrə təşkilatın rəisi Dövlət Lütfi, “Nadir Qəhrəmani” məktəbinin açılışı zamanı “Mehr” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Ərdəbil Əyalətində 12 məktəb xeyriyyəçilər tərəfindən tikilməkdədir. 40 dərs otağına malik olacaq məktəblərin əksəriyyəti imkansız və məktəbi olmayan məntəqələrdə tikilir. Ərdəbil Əyaləti, xeyriyyəçilər tərəfindən tikilən məktəb binaları üzrə ölkənin birinci əyalətləri sırasındadır”- deyə o bildirib.

 

Dövlət Lütfi vurğulayıb ki, xeyriyyəçilərin tikdirdiyi məktəblərdə işlər planlaşdırılmış şəkildə irəli gedir, heç bir ləngimə yoxdur.

 

Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchiz edilməsi işləri üzrə təşkilatın rəisi əlavə edib ki, məktəb binalarının tikilməsində dövlət və qeyri-dövlət müəssisisələri təsiredici bir şəkildə iştirak edə bilər.

 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar