SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkili: ““Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisidir”

2021.10.20, 07:36
Ərdəbilin millət vəkili: ““Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisidir”

Gunaz.tv

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədrinin “Heyran gədiyi” haqqında verdiyi şok açıqlamadan sonra bu dəfə bu şəhərin digər millət vəkili Rza Kərimi də oxşar açıqlama ilə çıxış edib.

 

Millət vəkili rəsmi teleqram səhifəsində yaydığı məlumatda Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əyalətinə birləşdirilməsi uğrundakı cəhdlər və ona olan etirazlara rejimin planlarına uyğun şəkildə reaksiya verib.

 

“Ərdəbil Əyaləti “Heyran gədiyi” marşrutunda tuneldən Astaraya tərəf 22 kilometr yola sadəcə nəzarət edir və xidməti işlərlə məşğul olur. Bu, İranın digər bölgələrində olduğu kimi, yolun saxlanılması və ona nəzarət bölgüsüdür. Bundan başqa Ərdəbil Əyalətinin, Astara şəhərinin (Azərbaycanın bu bölgəsi hazırda Gilan Əyalətinin inzibati ərazisi sayılır) ərazi bölgüsündə heç bir ixtiyarı olmayıb və bu gün də yoxdur. Ölkə qanunlarına görə, heç bir əyalət ərazi bölgüsündən kənar  yerlərə müdaxilə edə bilməz. Ərdəbil əhalisi belə şeylərə getməməlidir”- deyə o qeyd edib.

 

R.Kərimi təzadlı açıqlamasında Gilan rəhbərliyini “Heyran gədiyi” ilə bağlı məqsədli şəkildə haşiyə yaratmaqda günahlandıraraq əlavə edib ki, “virtual aləmdə qalmaqala səbəb olan “Heyran gədiyi” əslində yolun saxlanılması və ona nəzarət məsələsindən ibarətdir.”

 

Digər azərbaycanlı deputatlar, o cümlədən Ərdəbilin millət vəkili Məhəmməd Feyzi hələlik bu məsələyə münasibət bildirməyib.

 

Ötən günlərdə Ərdəbilin keçmiş millət vəkili Nurəddin Pirmüəzzin İnstaqram səhifəsində paylaşdığı məlumatda “Heyran gədiyi” qalmaqalı ilə bağlı əyalət rəhbərliyi və azərbaycanlı millət vəkillərini günahlandırmışdır.

 

O Güney Azərbaycanın əsas problemini yerli olmayan məsullara vəzifə verilməsi, həmçinin əli və dili bağlı millət vəkillərinin parlamentə göndərilməsi ilə əlaqələndirmişdir.

 

“Millət vəkilləri əhalinin deyil, onlar hökumətin nümayəndələridir. Ona görə də belə hadisələr baş verir və Azərbaycan Əhalisinin fəryadı eşidilmir. Əslində bu o deməkdir ki, parlamentdə Azərbaycana yer yoxdur”- deyə o vurğulamışdır.

 

Qeyd edək ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, artıq lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar