SON XƏBƏRLƏR

Ərdoğan: «Yaxın aylarda «Nabucco» kəməri üzrə razılaşma imzalanacaq»

2021.10.20, 07:36
Ərdoğan: «Yaxın aylarda «Nabucco» kəməri üzrə razılaşma imzalanacaq»

Gunaz.tv
Ərdoğan: «Yaxın aylarda «Nabucco» kəməri üzrə razılaşma imzalanacaq» Xəzər hövzəsində hasil olunacaq təbii qazın Rusiyadan yan keçməklə Avropa bazarına nəqlini nəzərdə tutan «Nabucco» kəmərinin inşası layihəsi üzrə hökumətlərarası və tranzit müqavilələri yaxın bir neçə ay ərzində iştirakçı dövlətlər arasında imzalanacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hakim partiyanın iclasında bildirib. Türkiyənin enerji tələbatının 73%-ni idxal hesabına ödədiyini deyən baş nazir ölkəsinin enerji dəhlizi olmaq və yeni karbohidrogen yataqlarının işlənməsi istiqamətində səylərini artırdığını vurğulayıb. Kəmərin tikintisi üçün yaradılmış eyniadlı konsorsiumun digər üzvləri Macarıstan və Bolqarıstan isə layihənin reallaşması istiqamətində işlərin ləngiməsindən narahatlıq ifadə edib. Belə ki, Avropa İttifaqının (Aİ) hollandiyalı koordinatoru Jozias van Artsen hazırladığı yekun hesabatı iyuna qədər təqdim etməli olsa da, Türkiyə ilə tranzit tarifləri ilə bağlı razılığın əldə olunmaması hökumətlərarası müqavilənin imzalanmasını ləngidir. Bu arada «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumunun icraçı direktoru Reynhard Mitşek isə ABŞ-ın narahatlığına baxmayaraq, Avropanın enerji təhlükəsizliyinə nail olunması üçün bu kəmərin istənilən ölkənin, o cümlədən, İran və Rusiya qazının nəql edə biləcəyini dilə gətirib: «Kommersiyanın əsas prinsiplərindən biri müxtəlif mənbədən faydalanmaqdır və buna görə biz Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran, İraq, Misir və Rusiyadan qaz gözləməliyik». Qeyd edək ki, digər tədarükçü tərəflərlə danışıqlar aparılsa da, kəmərin gələcəkdə əsas real təchizatçı Azərbaycan hesab olunur və bu ölkənin, eyni zamanda, Türkmənistan və Qazaxıstanda hasil olunan təbii qazın Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə və sonda «Nabucco» kəməri ilə Avropaya çatdırılması üçün tranzit ölkə qismində çıxış edəcəyi gözlənilir. Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar