SON XƏBƏRLƏR

Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti İranda keçirilən kütləvi etirazlar haqda bəyanat yayıb

2021.10.20, 07:36
Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti İranda keçirilən kütləvi etirazlar haqda bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti İranda rejimin zülm və ədalətsizliyinə qarşı keçirilən kütləvi etirazlar haqda bəyanat yayıb.

 

İnsan Haqları Cəmiyyətinin yaydığı bəyanatda aksiya iştirakçılarına dəstək nümayiş etdirilib.

 

“2017-ci il dekabrın 28-də başlayan kütləvi etirazlar bir həftə ərzində İranın 101 şəhərini bürüdü. Yüzminlərlə insan yoxsulluq, zülm, bahalıq, işsizlik və ədalətsizliyə qarşı etirazlarını bildirmək üçün aksiyalara qoşuldular.

 

İslam Cümhuriyyəti isə etirazçıları dinləmək əvəzinə onlara güc tətbiq etməyə, internet şəbəkələrini bağlamağa və informasiya blokadasına əl atdı.

 

Xəbəri senzura edən dövlət televiziyası etirazçıları təhqir edərək aksiyaların birinci 3 günündə 22 nəfərin öldürüldüyü və 1700 nəfərin saxlandığını açıqladı. Lakin televiziya ölənlər, həmçinin tutulanların kimliyi və harada saxlanıldıqları haqda heç bir məlumat vermədi.

 

Rəsmi məlumatlara rəğmən tutulanların bəzi vəkilləri, həmçinin onların ailə üzvləri aksiyalarda saxlanılan etirazçıların 2300-nun kimliyini müəyyənləşdirə biliblər. Buna baxmayaraq onların harada saxlandığı hələ də məlum deyil.

 

Digər şəhərlərlə yanaşı Azərbaycan şəhərlərində də etiraz aksiyaları keçirildi. Aksiya iştirakçılarına güc tətbiq edən polis əməkdaşları çox sayda etirazçını yaxaladılar, bəziləri isə önləyici tədbirlər çərçivəsində öz evləri, iş yerləri və universitetlərdə saxlanıldı. Azərbaycanlı insan haqları fəalları Həmədan, Zəncan, Əbhər, Xoy, Qoşaçay, Marağa, Urmiyə və Təbrizdə yüzlərlə etirazçının yaxalandığını bildirir. Hazırda Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti tutulanların kimliyi və onların saxlandığı yerlər haqda məlumat toplayır, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası və bütün həmvətənlərə raport veriləcək.

 

BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Human Rights Watch və Beynəlxalq Əfv Təşkilatı etirazçılara qarşı güc tətbiqi və onların saxlanılması haqda öz nigaranlığını bildirib. BMT İnsan Haqları komissarlarından 4-ü, o cümlədən İran üzrə xüsusi reportyor xanım Asimə Cahangir birgə bəyanat yayaraq İran hökumətini saxlanılanların hüquqlarını riayət etməyə, həmçinin xanım A.Cahangirin İrana səfər etməsinə icazə verməyə çağırıblar.

 

Ərk – Azərbaycan İnsan haqları Cəmiyyəti BMT komissarları, insan haqları fəalları və bütün azərbaycanlılar kimi son aksiyalarda öldürülənlərin yaxınlarına başsağlığı verir, baş verən hadisələrlə bağlı İran hökumətindən saxlanılanların azad edilməsi, aksiya zamanı öldürülənlərin adlarının açıqlanması, əhaliyə atəş açan və cinayət törədən məmurların kimliyinin elan olunması və mühakimə edilməsi, həmçinin mətbuat üzərindən senzuranın qaldırılması və sosial şəbəkələrə qoyulan qadağanın götürülməsini tələb edir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar