SON XƏBƏRLƏR

“Ermənilər Çaldırandakı Qarakilsəyə toplaşacaq”

2021.10.20, 07:36
“Ermənilər Çaldırandakı Qarakilsəyə toplaşacaq”

Gunaz.tv

GünAz TV: Yaxın günlərdə minlərlə erməni İran rejiminin dəstəyi və icazəsi ilə Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə toplaşacaq.

 

Dünya ermənilərinin hər il Qarakilsədə dini mərasim adı ilə toplaşması artıq ənənəyə çevrilib. Siyasi məqsədlərə hesablanmış mərasim Qərbi Azərbaycan Erməniləri Xəlifəliyi, Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə keçirilir, İranın təhlükəsizlik qüvvələri isə mərasim iştirakçılarına yüksək səviyyədə xidmət göstərir.

 

İran mətbuatında yayılan məlumata görə, Qərbi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Çaldıranda keçiriləcək mərasimlə bağlı hazırlıq işlərindən danışıb. Cəlil Cabbari təmsil etdiyi Təşkilat və digər rəsmi orqanların minlərlə ermənini Çaldıranda qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, Qarakilsədə keçiriləcək 65-ci mərasimdə geniş Fotosərginin keçirilməsi də nəzərdə tutulub. Sərgidə ən məşhur fotoqrafların şəkillərinin nümayiş etdiriləcəyi bildirilib.

 

Cəlil Cəbbari əlavə edib ki, mərasim zamanı keçirilən sərgidə Qərbi Azərbaycanın füsunkar təbiəti və turistlər üçün cazibədar olan məkanların şəkilləri qonaqlar üçün nümayiş etdiriləcək.

 

Qərbi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi dini mərasim adlandırdığı yığıncağa İranlı ermənilərlə yanaşı Ermənistan, Suriya, Livan (Lübnan), Hollandiya, Fransa, Avstriya, Almaniya, Kanada və daha bir neçə ölkənin vətəndaşlarının qatılacağını bildirib.

 

Ermənilərin Çaldıranda keçirəcəyi sözdə dini mərasim iyulun 25-dən başlayaraq 3 gün davam edəcək.

 

Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiri Güney Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi uğrunda və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu istiqamətdə ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövgə sərgilədiyi kimi, Güney Azərbaycanda da türk torpaqlarına göz tikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir. Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar