SON XƏBƏRLƏR

Ərtoğrul Sağlam: ““Traxtur” bir türk komandasıdır, onun tərəfdarları türk baş məşqçi istəyir”

2021.10.20, 07:36
Ərtoğrul Sağlam: ““Traxtur” bir türk komandasıdır, onun tərəfdarları türk baş məşqçi istəyir”

Gunaz.tv

GünAz TV: Təxminən iki ay yarımdır Təbrizin “Traxtur” futbol komandasını çalışdıran türkiyəli mütəxəssis Ərtoğrul Sağlam çalışdırdığı komanda və gələcək fəaliyyəti ilə bağlı Türkiyənin “Fanatik” saytına müsahibə verib.

 

İranda futbolun vəziyyətindən danışan baş məşqçi “Traxtur” komandası və onun tərəfdarlarından razı qaldığına bildirib.

 

“Mən Təbrizdə olanda özümü uzaqda hiss etmirəm. İranda təxminən 30 milyon türk var və onların hamısı “Traxtur”u dəstəkləyir. Mən oraya gedənə qədər İranda bu qədər türkün olduğunu bilmirdim.

 

Məni İranda çalışmaya meyilləndirən amil “Traxtur” tərəfdarlarıdır. Oraya birinci dəfə gedəndə minlərlə komanda tərəfdarı tərəfindən qarşılandım. Təbrizdə eşq və hörmət var. “Traxtur” bir türk komandasıdır, tərəfdarları da komanda üçün türk baş məşqçi istəyir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Ə.Sağlam “Traxtur” klubunda fəaliyyətini davam etdirəcəyi ehtimalından da danışıb. “Klubla müqaviləmiz aprelin 20-nə qədərdir. Lazım olsa Türkiyəyə qayıdacam. Həqiqət budur ki, mən hələlik başqa bir klubla danışıq aparmamışam. Belə bir danışıq ilk öncə çalışdığım klubla olmalıdır. Bir tərəfdən də “Traxtur”da qalmağım üçün çoxlu tələb var. Klub rəhbərliyi və komanda tərəfdarları bizdən çox razıdır. Hələlik vəziyyətə baxırıq, əgər razılaşsaq müqavilənin müddətini uzadacam”- deyə baş məşqçi bildirib.

 

Qeyd edək ki, özü də dediyi kimi Ə.Sağlamın Təbrizdə çoxlu tərəfdarı var. O yanvarın 19-da yeni baş məşqçi kimi Təbrizə gələndə hava limanında minlərlə insan tərəfindən böyük təntənəli ilə qarşılanmışdır. Bir çox “Traxtur” tərəfdarı qarşılama mərasiminə ailəsi ilə birlikdə gəlmişdir.

 

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar