SON XƏBƏRLƏR

Əsgər Əkbərzadə: Abbas Lisaninin sağlıq durumundan narahatıq – MÜSAHİBƏ

2021.10.20, 07:36
Əsgər Əkbərzadə: Abbas Lisaninin sağlıq durumundan narahatıq – MÜSAHİBƏ

Gunaz.tv

GünAz TV: Keçmişdə illərlə İran həbsxanalarında qalmış tanınmış türk fəal Abbas Lisaninin yenidən həbs edilməsi Güney Azərbaycanda milli fəallara başladılan yeni həbs dalğasının xəbərçisi ola bilər. Ərdəbildən “Amerikanın Səsi”nə danışan fəal Əsgər Əkbərzadə Lisaninin tutulmasına qədər baş verənləri və onunla bağlı son vəziyyəti açıqlayıb.

 

Əkbərzadə tanınmış fəalın sağlıq durumundan narahat olduğunu ifadə edir.

 

“Abbas bəy son illərdə, xüsusilə qaraciyər xəstəliyindən əziyyət çəkir. Bir də gözlərində şişmə və ayağında narahatlıq var.” Əsgər Əkbərzadənin sözlərinə görə, Lisaninin ailəsi ilə iki həftədir təmas qura bilməməsi onun sağlıq durumu ilə bağlı narahatlıqların artmasına səbəb olub.

 

Milli fəal yanvarın 25-də Təbrizdə qatıldığı məhkəmə iclası tamamlandıqdan sonra saxlanılıb. O hazırda vəkillə təmin olunmur.

 

Həbsdən bir neçə gün sonra, Lisaninin vəziyyətini öyrənmək üçün Şərqi Azərbaycan ədliyyə qurumuna müraciət edən ailə üzvlərinə onun artıq Ərdəbilə köçürüldüyü söylənilib.

 

“Məsullar onun Ərdəbil Zindanının karantin bölməsində təhlükəsizlik qurumunun nəzarəti altında saxlanıldığını söyləyiblər. Amma Abbas bəyin ailəsi ilə heç bir təmasının olmadığı üçün biz tam olaraq harada olduğunu bilmirik,” Əsgər Əkbərzadə qeyd edir.

 

O əlavə edib ki, bir neçə gün öncə, ailəsi Ərdəbildə prokuror müavini cənab Nonəhala müraciət edib.

"Cənab Nonəhal buyurub ki, qaraciyər probleminə görə həkim gedib Abbas bəyin başı üstünə və heç bir problem yoxdur... Amma onun keçmişdə də etirazını aclıq aksiyası keçirərək bildidiyini, həmçinin ailəsi ilə təmas qurmasına imkan verilmədiyini nəzərə alaraq, sağlıq durumu ilə bağlı narahatlıqlar yaranıb."

 

Abbas Lisani yanvarın 5-də daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 10 ay həbs hökmünün icrası üçün tutulmuşdu. Lakin, bir neçə gün sonra məhkəmənin qiyabi keçirilməsinin qanunsuz olduğuna dair etirazının qəbul edilməsi ilə müvəqqəti azadlığa buraxıldı. Müvəqqəti azadlıq uzun sürmədi. Türk fəal yanvarın 15-də təkrar həbs edildi.

 

Əsgər Əkbərzadə baş verənlərin məhkəmə qaydalarına uyğun olmadığını vurğulayır.

“10 aylıq həbs hökmünün icrası üçün tutulubsa, Ərdəbilə göndərilməməli idi. Yeni bir ittiham üzündən tutulubsa, Məhkəmə iclası ardından Təbrizdə deyil, yaşadığı Ərdəbil şəhərində tutulmalı idi,” deyə Ərdəbildən “Amerikanın Səsi”nə danışan fəal Abbas Lisaninin naməlum səbəblər üzündən həbs edildiyini önə çəkir.

 

Lisani Güney Azərbaycanın məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitqə görə 10 ay həbsə məhkum olub.

 

Əsgər Əkbərzadə özü bir neçə gün əvvəl dörd digər fəalla bərabər “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək” ittihamı ilə mühakimə edilib. Beş milli fəalın məhkəməsi Abbas Lisaninin həbsindən bir neçə gün sonra Ərdəbildə keçirilib.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/%C9%99sg%C9%99-%C9%99kb%C9%99rzad%C9%99-abbas-lisaninin-sa%C4%9Fl%C4%B1q-durumundan-narahat%C4%B1q/4763143.html

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar