SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan azəbaycanlı alimin yayılan son görüntüsü nigaranlıq doğurur - GÖRÜNTÜ

2021.10.20, 07:36
Evin zindanında saxlanılan azəbaycanlı alimin yayılan son görüntüsü nigaranlıq doğurur - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İranda Tehranın Evin zindanında saxlanılan edama məhkum edilmiş azərbaycanlı araşdırmaçı-alim, İsveç (Sued) vətəndaşı Prof. Dr. Əhmədrza Calalinin son şəkili yayılıb.

 

Alimin belçikalı həmkarlarından biri, onun ağır vəziyyətdə olduğunu əks etdirən şəkili mətbuatda yayaraq yazıb ki,  “Əhmədrza Calalidən əlimizə yeni şəkil çatıb. Şəkildə göründüyü kimi, onu həddindən artıq arıqladığı və zəiflədiyi üçün çətinliklə tanımaq olur.”

 

Azərbaycanlı alim təcili tibbi yardım idarəçiliyi üzrə Brüssel Fleriş Universitetinin müəllimi olub və öz ixtisası ilə əlaqədar İtaliya universitetlərinin biri ilə də əməkdaşlıq edib.

 

Dr. Əhmədrza Calalinin həmkarı onun böyük ehtimala görə ağır həzm sistemi xəstəliyindən əziyyət çəkdiyini də qeyd edib.

 

 

Bundan öncə məhbusun vəkili səhhətində yaranan ciddi problemlər haqda xəbərdarlıq edərək onun normal xəstəxanada müalicə almasına ehtiyac olduğunu bildirmişdir. Vəkil, dosyenin hakimi Əbulqasim Sələvatinin buna mane olduğunu diqqətə çatdırmışdır.

 

Bu arada Əhmədrza Calalinin həyat yoldaşı da onun səhhəti ilə əlaqədar “Herana” agentliyinə danışıb. “Həyat yoldaşım ağır vəziyyətdədir. Bu gün onun həbs edilməsindən 2 il keçir. Onun ağ qan hüceyrələrinin sayı ən aşağı lazımi həddən 50 faiz azdır, MRI və yırtıq kisəsi cərahiyyəsinə də ehtiyacı var”- deyə o bildirib.

 

Məhbusun anası isə daha nigaranedici açıqlama ilə çıxış edib. O bildirib ki, “Onlar oğlumu edam etmək istəmir. Ona görə ki, bu onlar üçün çətindir və bunun bədəlini ödəməlidilər. Bu səbəbdən onu xəstə vəziyyətdə həbsxananın bir küncündə saxlayırlar ki, vəziyyəti günü-gündən pisləşsin və sonda da ölsün. Bundan sonra isə desinlər ki, o özü öldü, biz onu edam etmədik...”

 

İran rejimi azərbaycanlı alimi iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır, alim isə bütün bu ittihamları rədd edir.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

Azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

 

Edam hökmü oktyabrın 21-də elan olunub.

 

Bir müddət əvvəl isə İranın Ali Məhkəməsi vəkillərin müdafiə mətnini qəbul etmədən azərbaycanlı alimin edam hökmünü təsdiqləyib.

 

Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar