SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022.06.29, 10:51
Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

Gunaz.tv

İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsini Ejeiyə ünvanladığı bəyanatda bildirilir ki, hüquq müdafiəçisinə qarşı pis davranılır.

Sənəddə bildirilir ki, işgəncəyə məruz qalan Nərgiz Məhəmmədi dərhal azadlığa buraxılmalıdır.

Məktubda xanım Məhəmmədinin Vəramindəki "Qərçək" həbsxanasında zorakılığa məruz qaldığı, bundan başqa qəsdən səhiyyə xidmətlərindən, o cümlədən zəruri dərmanlardan məhrum edildiyi qeyd olunur.

"Hüquq müdafiəçisi dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalı, həm də həbsxanada adekvat səhiyyə xidməti və ona lazım olan bütün dərmanları almalıdır"-deyə, məktubda qeyd olunub.

Təşkilat Möhseni Ejeyini 50 yaşlı Nərgiz Məhəmmədiyə qarşı olan zorakılıqdan çəkinməyə, məhbus xanımın iddiaları ilə bağlı sürətli, müstəqil, effektiv və qərəzsiz araşdırma aparmağa çağırıb.

Beynəlxalq Əfv Təşkilatı hüquq müdafiəçisinə qarşı zorakılıq və işgəncə hallarının sübuta yetiriləcəyi təqdirdə səbəbkarların ədalətli məhkəmələrdə cavab verməli olacaqlarını bildirib.

Qeyd edək ki, ürək çatışmazlığı və ağciyər xəstəliyindən əziyyət çəkən siyasi məhbus Nərgiz Məhəmmədi zindanın təhlükəsizlik və mühafizə xidmətinin ona məxsus dərmanları müsadirə etdiyini deyir.

O, vacib olan ürək və ağciyər dərmanlarının müsadirə edilməsini hökumətin ona qarşı sui-qəsdi kimi qiymətləndirib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.  

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar