SON XƏBƏRLƏR

Zəfər tarixi: Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür

2021.10.20, 07:36
Zəfər tarixi: Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür

Gunaz.tv

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənmişdi. 


Oktyabrın 4-də Cəbrayıl şəhəri də erməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də ermənilərdən geri alınıb.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.  

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. 
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan sonra Cəbrayıl rayonunun 1050 kv.km ərazisi – rayon mərkəzi və 90-a yaxın kəndi erməni vandalizmi nəticəsində tamamilə məhv edilib.

Ermənilər 28 illik işğal müddətində Cəbrayılda bütün mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə-yeksan edib, ekoloji terror törədiblər.

Hazırda Cəbrayıl ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.

İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar