SON XƏBƏRLƏR

Fars şovinizminin sonudur. Irançılıq düşüncə sistemi məhvə məhkumdur. Sadiq Isabəyli

2021.10.20, 07:36
Fars şovinizminin sonudur. Irançılıq düşüncə sistemi məhvə məhkumdur. Sadiq Isabəyli

Gunaz.tv
Fars şovinizminin sonudur Irançılıq düşüncə sistemi məhvə məhkumdur İran adlanan ölkədə aparılan şovinist siyasət islami dəyərləri sual altına alıb. Əgər Xomeyni özünün ideoloji konsepsiyasında ədalət, millətlərin hüquqlarının qanunla təmin olunması, “milli” gəlirlərin bütün vətəndaşlar arasında bərabər paylanması, ölkə daxilində korrupsiya ilə barışmaz mübarizə vəd vermişdisə, əslində bu şüarların təməlində şovinist siyasətin durduğu və orada yaşayan qeyri-fars millətlərin bu siyasətin təzyiqi altında necə əzildiyi bəllidir. Molla rejiminin hakimiyyətdə olduğu ilk illərdən bu günə qədər fars şovinizminin maraqları çərçivəsində apardığı ayrıseçkilik siyasəti bütün sahələrdə özünü göstərməkdədir. Hakimiyyətə gələn bütün prezidentlər istisnasız olaraq bu siyasəti yürüdüblər və ölkə daxilində aparılan hər hansı “islahat” orada yaşayan qeyri-fars millətlərin daha da acınacaqlı vəziyyətə salınmasına hesablanıb. Bu millətlər bu günə kimi ən ibtidai hüquqlardan, o cümlədən ana dilində yazıb – oxumaq, vətəndaş hüquqlarından bərabər şəkildə yararlanmaq və s. məhrum edilməkdədirər. Iran adlanan ölkədə yaşayan qeyri- fars millətlərin hərtərəfli inkişafına müsbət təsir göstərə biləcək bütün milli, mənəvi , humanitar, maddi – texniki və intellektual dəyərlərin şovinist siyasətə qurban edilməsi bir daha o deməkdir ki, bu ölkədə yalnız bir təfəkkür və bir sistemin üstünlüyünün aparıcı olması nəzərdə tutulub. Bu da farsçılıq va irançılıqdır. Şah zamanı da bu siyasət başqa bir idarəetmə sistemi adı altında aparılıb. Dövlət səviyyəsində aparılan bu siyasət ölkənin ali orqanlarında, o cümlədən Ali Milli Təhlukəsizlik Şurasında tənzimlənir. 1991-ci ildən şuranın tərkibində yaradılmış Mədəniyyət komitəsi orada yaşayan qeyri-fars millərlərə, özəlliklə də azərbaycan türklərinə qarşı bir neçə istiqamətdə təxribatyönlu planlar hazırlanaraq həyata keçirilməsi məqsədilə yaradılıb. Bu komitədə müxtəlif nazirliklərin , o cumlədən İslami İrşad nazirliyi, İran rəsmi xəbər agentliyi, Daxili İşlər nazirliyi, ETTELAT və Təhlükəsizlik nazirliyi , Xarici İşlər nazirliyi və dini rəhbərlik strukturunun xususi nümayəndəsi təmsil olunur. 1995-ci ildə dini rəhbərin əmri ilə hazırlanmasına başlanılmış “Ölkənin 20 illik gələcək inkişaf planı” nda da rejimin qeyri-fars millətləri, xüsusilə də orada çoxluq təşkil edən Azərbaycan türk millətini öz milli kimliyindən ayırmaq və farslaşdırmaq cəhdinin daha sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulub və 2003-ci ildən başlayaraq bu plandakı müxtəlif yönlü konsepsiyaların icrasına start verilib. İranın ictimai-siyasi həyatında, ədəbiyyat və mətbuatında zaman –zaman baş verən təhqiredici metodlar , həmçinin 12 may 2006-ci il tarixdə rəsmi dövlət qəzeti olan “İran” qəzetində və 12 aprel 2007-ci il tarixdə “Aftabe Yəzd” (“Yəzd günəşi”) qəzetində Güney azərbaycan türklərinə qarşı dərc olunan təhqiramiz karikatura və yazılar da bu planın tərkib hissəsidir. Çunki, “İran” qəzetində Azərbaycan türklərinin “tarakan” adlandırılması, “Aftabe Yəzd” qəzetində isə “tarakan” sözünün “xalaqızı” ilə əvəz olunması, paralel olaraq ETTELAAT həbsxanalarında və işgəncə otaqlarında məhbuslara qarşı təhqiredici “susk”, “böcək” və “tarakan” , işgəncə olunan qadın məhbuslara “madde susk” (“dişi tarakan) kimi təhqiredici ifadələrin tez-tez işlədilməsi bunların heç də təsadüfi olmadığını göstərir. Əslində, rejim apardığı bu oyunlarla orada yaşayan 35 milyon azərbaycan türkünün psixoloji olaraq milli, mədəni , siyasi və iqtisadi özgürlüyə layiq olmadığını və bu dəyərlərin cəmiyyətə ali irq kimi qəbul etdirmək istədiyi farslara məxsus olduqlarını qəbul etdirmək istəyir. Bu irqçi və şovinist təfəkkürü formalaşdırmağı özlərinə əsas hədəf seçən şah rejimi və indiki molla hakimiyyəti sistemli formada iş aparırlar. Şovinist siyasətə söykənən ayrıseçkilik siyasəti siyasi və mədəni sahələrlə bərabər, iqtisadi sahədə də aparılmaqdadır. Güney Azərbaycan bölgələri iqtisadi cəhətdən geridə qalmış bölgələr siyahısındadır. Rəsmi statistikaya görə Qərbi Azərbaycan , Şərqi Azərbaycan , Ərdəbil, Qəzvin, Ərak , Həmədan , Zəncanda əhalinin 35 faizindən çoxu işsizdir. Güney Azərbaycan malik olduğu təbii sərvətlərdən gələn gəlirlər hesabına milyardlarla dollar əldə edə biləcəyi halda, orada iri miqyaslı sənaye və biznes mühiti yoxdur. Şərqi Azərbaycan vilayətində xırda sənayedən gələn illik gəlir ən yaxşı halda 250 milyon dolları keçmir. Hakim rejim büdcəyə gələn gəlirləri qeyri-fars millətlərə mənsub ərazilərdəki yeraltı və yerüstü sərvətlərin hesabına, əsasən də Güney Azərbaycanın milli sərvətləri və maliyyə qaynaqları , vergilər və digər mənbələr hesabına əldə edir. Bölgələrə ayrılan vəsait isə ayrıseçkilik siyasəti əsasında aparılır. 2007 – ci ilin büdcəsinə nəzər saldıqda, 5 milyona yaxın əhalisi olan Şərqi Azərbaycan vilayəti üçün bu il büdcədən yalnız 1. 4 milyard dollar məbləğində vəsait ayrıldığı halda, 3 milyona yaxın əhalisi olan Fars ostanına ayrılan pay 2 milyard 380 milyon dollardır. Neftdən əldə olunan gəlirlərdən Güney Azərbaycanda qeyri -neft sektorunun inkişafi üçün demək olar ki, heç bir vəsait ayrılmır. Lakin, rejimin apardığı ayrıseçkilik siyasəti nəticəsində ayrılan büdcə vəsaitindən əlavə neftdən gələn gəlirin 2 faizi Fars ostanının inkişafına xərclənir. Qeyd etmək lazımdır ki, Güney Azərbaycan ərazisindəki neft ehtiyatları, neft yataqlarının sayı və orada mövcud neft ehtiyatlarının keyfiyyəti hazırda rejimin və xarici dövlətlərin maraq dairəsindədir. Muğan neft yataqlarının aşkarlanması ilə yanaşı, Bicar və Savə bölgəsində də müxtəlif kəşfiyyat işləri aparılır. Güney Azərbaycan bölgəsi üçün büdcədən ayrılan vəsait şişirdilmiş rəqəmlərlə göstərilsə belə, bu rəqəmlər fars bölgələrinə ayrılan vəsaitlə müqayisədə qat-qat azdır. Acınacaqlısı isə odur ki, Güney Azərbaycan üçün ayrılan vəsait vaxtında verilmir. Güney Azərbaycan çox sayda yeraltı sərvətlərə malikdir. Aparılan araşdırmalardan məlum olub ki, indiyədək təkcə 174 qızıl, 233 mis və digər qiymətli əlvan metal mədənlər istifadədədir. Süngün mis və qızıl mədəni ən böyük mədənlərdəndir ki, 669 milyon tondan 1,7 milyard tona qədər ən yüksək problu xammala malikdir. Bu mədənin xammalı Güney Azərbaycandan 2000 km kənarda yerləşən Kirman şəhərindəki zavodda emal edilir. Ümumilikdə, Güney Azərbaycan ərazisində qızıl, mis və digər alvan metal mədənlərindən gələn gəlir milyardlarla hesablanır. Tikantəpə şəhərindəki Zərrəşoran qızıl mədəni böyük qızıl mədənlərindən biridir və 50 ton xalis qızıl ehtiyatına malikdir. Bu mədəndən hər il 3 ton qızıl istehsal olunması nəzərdə tutulub. Bundan əlavə Ağdərə qızıl mədənindən hər il 2.2 ton qızıl əldə olunur. Maraqlısı budur ki, Güney Azərbaycanın mis, qızıl və digər mədənlərində mütəxəssislərinin əksəriyyəti farslardan, fəhlə qüvvəsi isə azərbaycanlılardan ibarətdir. Onsuz da ağır iş rejimində işləyən azərbaycanlı fəhlələr tez-tez müxtəlif problemlərlə - aylıq məvaciblərin gecikdirilməsi, işsizlik sığortası verilmədən işdən qovulma və digər bu kimi acınacaqlı hallarla qarşılaşırlar. İranda keramika və çini istehsalında istifadə olunan xammalın 90 faizi (33 – 90 milyon ton) Mərənddə yerləşən Kaolin Zənoz mədənlərindən çıxarılır. Lakin , keramika və çini istehsal edən zavod və fabriklərin əksəriyyəti farsların yaşadığı bölgələrdə cəmləşib. Güney Azərbaycanda kənd təsərrüfatının inkişafına və kənddə işsizlik probleminin həllinə şərait yaradılmır. Elə buna görə də bankların əhaliyə verdiyi kreditlərin qaytarılması çətinləşib və demək olar ki, kənd əhalisinin əksəriyyəti banklara olan borclarını qaytara bilmədikləri üçün onların torpaq və digər əmlakları banklar tərəfindən əllərindən çıxarılır. Ölkədə infilyasiyanın yüksək həddə çatması, Tehran və digər iri şəhərlərə insan axınının artması bölgələrdəki işsizlik və yoxsulluq nəticəsində baş verir. Şovinist və sistemli təhqir üzərində qurulmuş siyasət yürüdən fars molla rejimi eyni zamanda “milli birlik” şüarları irəli sürür. Əli Xameneyinin 2007-ci il Novruz bayramında bu ilin “milli birlik və islami bağlılıq ili” elan etməsi də bu siyasət üzərində qurulmuş aldadıcı şüarlardandır. Bu həm də orada gedən milli azadlıq hərəkatına qarşı savaş mövqeyinin tutulması anlamında qəbul edilməlidir. Əgər fars molla rejiminin əsas qayəsi “vahid fars milləti” , ”vahid fars dövləti”, “vahid iran” adı altında bir ölkə formalaşdırmaqdırsa, aparılan siyasətin mahiyyəti tam olaraq görünür. Fərziyyə üzərində qurulmuş bu şovinist düşüncə sistemi məntiqi izahı və gerçəkləşməsi mümkün olmadığından məhvə məhkumdur. Sözsüz ki, orada yaşayan azərbaycan türkləri bu siyasətinin mahiyyətini təmamilə dərk edir və dünyada qəbul olunmuş sivil üsullarla öz milli kimlik və milli azadlıqları uğrunda təşkilatlanmış formada mübarizə aparır. Güney Azərbaycan İstiqlal Partiyasının Azərbaycan üzrə Araşdırma və Mətbuat sorumlusu Sadiq İsabəyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar